24322ed5-ef23-467b-90db-b79720067c61..jpg

Səlim Müslümovun məhkəməsi: İstintaq orqanına sorğu göndəriləcək

Baxış sayı: 976 dəfə baxılıb.

Səlim Müslümovun məhkəməsi: İstintaq orqanına sorğu göndəriləcək

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi
üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Faiq
Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri vəsatətlə
çıxış ediblər.

Vəkillər S.Müslümovun cinayət işindən ayrılma mənimsəmə və israf etmə ilə
bağlı şirkətlərin istintaqının hansı mərhələdə olması, nə qədər ziyanın
ödənilməsi barədə rəsmi cavab alınmasını istəyiblər.

Vəkillər həmçinin hazırda istintaqda olan cinayət işi üzrə cəlb olunan
şəxslərin, xitam verilən işlərin sayının müəyyən edilməsini də tələb ediblər.

Hakim Faiq Qəniyev bildirib ki, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin
dairəsi müəyyənləşdirilir:

“Biz həmin iş üzrə nə qədər ziyanın ödənilməsini öyrənməliyik. Bu, gələcəkdə
məhkəmənin hökm çıxaran zaman nəzərə alınması vacib amildir. Bu, həmçinin
çıxışlarda da nəzərə alınacaq”.

Hakim deyib ki, məhkəmə hazırkı mərhələdə istintaq tərəfindən nə qədər ziyanın
yığılması ilə bağlı istintaq orqanından şifahi cavab almaq üçün müraciət edəcək.

Səlim Müslümovun vəkilləri bu işlə bağlı istintaq orqanına vəkil sorğusu
göndərəcəklərini deyiblər.

Növbəti proses aprelin 17-də davam edəcək.

Qeyd edək ki, S.Müslümov Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri
vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin
və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin
təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri
ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər
səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol
verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun
xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə
etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə
qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır
nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində
işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda
əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması
işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin
bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən
ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və
yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların
istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə
uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə
müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət
almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış
yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi
şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli
miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov
Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar
külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb
olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına
buraxılıb.

Source link