1c5d7da4-9bb5-42ef-a914-ec8f9064fa22..jpg

Səməd bəy Mehmandarovun anım günüdür

Baxış sayı: 1. 038 dəfə baxılıb.

Səməd bəy Mehmandarovun anım günüdür

Bu gün general Səməd bəy Mehmandarovun anım günüdür.

Bildirək ki, ilk hərb nazirimiz, artilleriya generalı Səməd Bəy Mehmandarov
1855-ci ilin bu günü Lənkəran şəhərində dünyaya göz açıb.

Bakıda gimnaziya təhsili alan 16 yaşlı Səməd Peterburqda yerləşən II
Konstantinovka artilleriya məktəbinə daxil olub.

1875-ci ilin dekabrında podporuçik rütbəsi alıb və üçüncü dərəcəli “Müqəddəs
Stanislav” ordeni ilə təltif edilib. 1890-cı ildə kapitan, 1898-ci ildə
podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alıb.
Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam
artilleriya generalı rütbəsi verilib.

I Dünya müharibəsi başlayarkən Varşava ətrafında xidmət edən general
S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay
olub. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə
alman generalı Makenzonun ordusu üzərində qələbə çalıb.

1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci
ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin,
Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25
dekabrından hərbi nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın qısa müddətdə
30 minlik ordusunu yaratmağa nail olub.

Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olan General Səməd
bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Səməd bəy Mehmandarovun 160 illik
yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilirdi:

“General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və
zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə
unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu
quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi
potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin
ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun
fəaliyyətinin nəticələridir”.

Source link