460d07fd-840f-4bad-bab1-71259de42941..jpg

Səməndər Rzayevin doğum günüdür – FOTO/VİDEO

Baxış sayı: 648 dəfə baxılıb.

Səməndər Rzayevin doğum günüdür – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan teatr və kino aktyoru, qiraət ustası Səməndər Rzayevin doğum
günüdür.

Cixisyolu.com xatırladır ki, Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya
gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin məktəbində dərs alıb, Sumqayıt
Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini
Akademik Dram Teatrında keçirib.

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da,
radio da, televiziya da.

Səsindəki şirinlik də bu münasibətlərə başqa bir doğmalıq gətirib. Səməndər
Rzayev kinoda dublyaj sənətinin korifeylərindən olub. Kinostudiyanın dublyaj
sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırıb. Onun səsi, danışığı
bir orkestrin ifa etdiyi simfoniyaya bərabər olub. Nə qədər ahəngli, nə qədər
ürəyəyatımlı danışıb.

Səməndər Rzayevə, hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə
razılaşıb. Deyib ki, kiçik açarla da böyük qapılar açmaq olur. Elə ki, səhnədə
bu böyük sənətkarın səsi eşidilib, bütün zal heyrətə gəlib. Bəzən onun kiçik
rolları baş qəhrəmanları belə kölgədə qoyub.

“Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”,
“Qəribə oğlan”, “Dəli yığıncağı”… Bunlar Səməndər Rzayevin teatrda oynadığı
tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə sənətkarın yuxusuz
gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunub.

Səməndər Rzayev yaradıcı sənətkar olub. O heç vaxt pyesə doğma kimi baxmayıb.
Özü obraz üçün ştrixlər axtarıb. Rejissorları da bu “ixtiralar”ın sərfəli
olduğuna inandıra bilib.

Kinoya Səməndər Rzayevin hansı rolla başladığını demək çətindir. Amma onun
sənət dostu, xalq artisti Yaşar Nuri deyib ki, ilk filmi haqqında bir özü
bilib, bir də mən… “Uşaqlığın son gecəsi” filminin lap əvvəlində küçədə gəzən
iki milis işçisindən biri Səməndər Rzayev olub. Amma sonralar o, kinoda da öz
sözünü deyib. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə
olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə
köçürüb. “Çarvadarların izi ilə” filmində Səməndər elə Səməndəri oynayıb. Bu
filmin əsasında İlyas Əfəndiyevin “Körpüsalanlar” əsəri durur. Səməndər Rzayev
filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərəçarpan,
yaddaqalan obrazdır. “Nəsimi”də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah
İbrahimin rolunu tapşırıb. Bu, aktyor üçün böyük məsuliyyət olub. Doğrudan da,
Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda
yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edib. Film ekrana
çıxanda çoxları təəccüb hissi keçirib. Səməndər Rzayev obrazı elə
özününküləşdirib ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına
səmimiliklə inanırsan.

Səməndər Rzayev çox vaxt filmlərdən imtina edib. Çünki çox məşğul olub.
Teatrda işləyib. Televiziya filmlərində, tamaşalarında oynayıb, “Bulaq”
verilişinin isə daimi aparıcılarından olub. Şakir Şəkəroviç (“Evləri köndələn
yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya
yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində bu böyük
sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Və günlərin birində “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlib.
Xəstəxanada olub. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməyib.
Həmin axşam mərhum sənətkar teatrda ən ağır və ən çətin gününü yaşayıb. Bu
soyuq səhnədə xəstə aktyorun son oyunu olub.

S.Rzayev 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal
qəbiristanlığında dəfn olunub.


Source link