Şəmkirdə 43 yaşlı kişi yatdığı yerdə güllələnibmiş
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən ilin 19 oktyabrında Şəmkir rayonunda 43 yaşlı Ruslan Bayramovu
güllələyərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Mustafa
Eyyubov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cu (xuliqanlıq niyyəti və
köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə R.Bayramovun yaşadığı və əmisinə
məxsus olan evdə baş verib. Hər iki şəxs həmin evdə yeyib-içiblər və sərxoş
vəziyyətə düşüblər. Bu zaman onların arasında mübahisə yaşanıb. R.Bayramovun
spirtli içkinin təsirindən yuxuya getməsini görən Mustafa divarda ona məxsus
olan tüfəngi götürərək baş nahiyəsinə atəş açıb. Ağır xəsarətlər alan
R.Bayramov hadisə yerində ölüb. Mustafa Eyyubov hadisədən sonra Bakıya qaçıb.
O da məlum olub ki, Mustafa Eyyubov ailəli, üç uşaq atası, Ruslan Bayramov isə
iki uşaq atası olub. Mustafa Eyyubov hadisədən əvvəl Ruslanla birgə ova getmək
barədə razılaşdıqlarını və mübahisənin də ona “səriştəsiz ovçu” deyilməsinə
görə baş verdiyini bildirib.
Həmçinin Mustafa Eyyubovun əvvəllər bir neçə dəfə oğurluq əməlinə görə məhkum
edilməsi məlum olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb.
Məhkəmə M.Eyyubovu qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 18 il həbs
cəzası verilib.