Sənət adamlarının qohum evliliklərinə münasibəti: “Sevgi insan həyatında bir
müddətlik olur” – SORĞU + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qohum evliliklərinə qadağa qoyulması ilə bağlı təklif cəmiyyətdə rezonans
doğurub. Bir qisim qan bağı olan şəxslərin nikahından doğulan uşaqların
sağlamlıqları ilə bağlı ciddi fəsadlar yaşadığı üçün belə nikahların qadağan
edilməsinin tərəfdarıdır. Bəziləri isə hətta qanunla müəyyən məhdudiyyətlər
nəzərdə tutulsa belə, bu məsələləri ailə işi hesab edir və heç bir problem
görmürlər.
Bəs hər hərəkəti ilə üzdə olan, gənclərin kumir kimi gördükləri
məşhurlarımızın qohum evliliklərinə münasibəti necədir?Cixisyolu.com bununla bağlı
kiçik bir sorğu keçirib.
Aparıcı Murad Əzimzadə suallarımızı cavablandırmaq istəməyib. O, özünün də
qohumu ilə evləndiyini söyləyib.
Əməkdar artist Mehriban Xanlarova bildirib ki, övladlar ana-atalarının
ucbatından zülm çəkirlər:
“Qohum evlilikləri ləğv edilsə, super olar. Xəstə doğulan körpələrin sayı
azalar, uşaqlarımız da bədbəxt olmazlar”.
Müğənni Xuraman Şuşalının fikrincə, cütlüklər nikahdan öncə mütləq xüsusi
müayinədən keçməlidirlər:
“Belə olarsa, valideynlər də, uşaqlar da, həkimlər də əziyyət çəkməyəcəklər.
Əgər evlənməyə hazırlaşanların qanları uyğun gəlmirsə, mütləq bu, onların
övladlarının səhhətində özünü büruzə verəcək. Buna görə də ya heç uşaq dünyaya
gətirməsinlər, ya da öncədən ciddi şəkildə müalicə alsınlar ki, körpələri
sağlam doğulsun”.
“Gələcəkdə övladlarınızın qohumla ailə qurmalarına razı olarsınız?” sualına
isə müğənni belə cavab verib:
“Onların ailə qurmasına tibb razılıq verəcəksə, problem yoxdur. Hər şey sevgi
ilə bitmir, sevgi insan həyatında bir müddətlik olur. Ağlı da işə salmaq və
gələcək həyatı düşünmək lazımdır”.
Cansu Məmmədli