4f5083f6-11dd-4063-ad19-bb4fcea4a309..jpg

Sənət adamlarınn orucluq təəssüratları: “İnsan olmaq lazımdır” – SORĞU + FOTO

Baxış sayı: 1. 002 dəfə baxılıb.

Sənət adamlarınn orucluq təəssüratları: “İnsan olmaq lazımdır” – SORĞU + FOTO

Artıq Ramazan ayının 5-ci günüdür. Müşahidələr göstərir ki, oruc tutanların
sayı il boyu ibadət edənlərdən daha çoxdur. Məşhurların oruc tutub-tutmaması
hər zaman marağa səbəb olub.

Bəs görəsən, məşhurlar arasında kimlər oruc tutur?

Cixisyolu.com-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyev ibadət etmədiyini söyləyib:

“Mən elə ilin on iki ayı oruc tuturam. Sözün düzünü desəm, elə daim oruc
sayılıram. Günorta yerimdən qalxıram. Şirin çayımı içirəm, vəssalam. Bir də
axşam 7-8 arası çörək yeyirəm. Bu hər zaman belə olub. Xaricdə də olanda belə
edirəm. Bütün günü ac qalıram. Ona görə də formadayam. Yoxsa bəzi müğənnilər
var ki, pencəklərini bağlaya bilmirlər. Lakin mən elə problemlərlə
rastlaşmamışam. Heç vaxt mənə kökəlmisən deyilməyib”.

Ə.Mirəliyev bəzi xəstəliklər səbəbindən ibadət edə bilmədiyini əlavə edib:

“Bu ayda xüsusi ibadət etmirəm. Yalandan deyə bilmərəm. Özüm seyid olsam da,
etmirəm. Məndə bəzi xəstəliklər var. Şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna
görə, ibadət edə bilmirəm. İstəsəm də, oruc tuta bilmərəm. Namaz da qılmıram.
Səhhətim imkan vermir”.

Müğənni Mətanət Əsədova haqq yolunda olduğunu bildirib:

“İlk öncə müsəlman xalqına dözüm və səbir arzulayıram. Allah oruc tutub, namaz
qılan müsəlmanlara qüvvət versin. Mən haqqın, Allahın yolundayam. Məni daxilən
tanıyan insanlar bilir. Ətrafımda da elə insanlar çoxdur. Mən çox vaxt Allahın
evindəyəm”.

M.Əsədova sağlamlığının yol vermədiyi üçün bu il oruc tuta bilmədiyini deyib:

“Oruc vaxtı ilə tutmuşam. Sağlamlığım səbəbindən indi tuta bilmədim. Tutmağı
düşünürdüm. Orucun insana çox xeyri var. Sağlamlıq cəhətdən də elədir.
Dərmanlara görə alınmadı.

İbadəti sidq ürəkdən etmək lazımdır. Rol oynamağa ehtiyac yoxdur. Allaha şəkk
gətirməyənlərin yanındayam. Mən yalnız özümə cavabdehəm. Kimisə ibadət etməyə
zorlamaq olmaz”.

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva heç vaxt oruc tutmadığını söyləyib:

“Ramazan ayı münasibətilə hər kəsi təbrik edirəm. Bütün dualar, niyyətlər
Allah tərəfindən qəbul olunsun. Mübarək aydır. Heç vaxt oruc tutmamışam. Bəzi
problemlərim var. Heç cür bacarmıram. Mən istərdim ki, tək bu ayda yox,
insanlar hər zaman nəfsinə qalib gələ bilsinlər. Bir ay belə olub, sonra başqa
cür olmalarına ehtiyac yoxdur”.

Aktrisa hər zaman dualar oxuduğunu qeyd edib:

“Çalışıram hər zaman dualar oxuyum, insanlara bacardığım köməyi edim. İnsan
hər zaman bunu etməlidir. Tək orucluq ayında yox. Dünya çox fanidir. İnsanlar
bu gün var, sabah yoxdur. Ölümlər belə insanı təəccübləndirmir. Biz insanlar
gərək yaxşılıq topalayaq. Çünki insan gedəndə özü ilə heç nə aparmır. Bu
dünyadan yalnız ad və rəhmət aparır. Allahın nəzəri əskik olmasın. Ən böyük
arzum dünyada sülh olmasıdır. Bir can sağlığı, bir də sülh olsun. Başqa heç nə
istəmirəm”.

Müğənni Yaşar Yusub isə illərdir oruc tutduğunu deyib:

“Artıq 10 ildir ki, namaz qılıram. Ramazan ayının da 5-ci günüdür. Çox şükür
ki, işlərimi də edirəm, ibadətimdən də qalmıram. İllərdir belədir. Çalışıram
ki, orucumu tutum. Bacardığımız qədər ibadət edirik. Allah bütün ibadətləri
qəbul etsin”.

Aktrisa Çimnaz Sultanova bildirib ki, il ərzində yaxşılıq etmək lazımdır:

“Oruc tutmuram. İnsan olmaq lazımdır. Bacardığın qədər köməklik etməlisən..
Yaxşılıq, köməklik etmək lazımdır. Ramazana aidiyyəti yoxdur. Təkcə bu ayda
yox. İl ərzində qaydalara əməl etmək lazımdır. Allah bu ay hər kəsə ruzi və
bərəkət bəxş etsin”.

Nəzrin Vahid

Source link