5aec0da6-977a-451b-ba7d-3131b92eaa65..jpg

Sənətçi: “İnsanlar qan, ana südü, diş, saç gətirib, aksesuar hazırlatmaq istəyirlər” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 547 dəfə baxılıb.

Sənətçi: “İnsanlar qan, ana südü, diş, saç gətirib, aksesuar hazırlatmaq
istəyirlər” – MÜSAHİBƏ + FOTO

Gənc səyahətçi Toğrul Nəcəf mebel ustası olsa da, təbiətə sevgisi, bitkilərə,
çiçəklərə olan marağı ilə həmişə diqqət çəkib. O, bir neçə il öncə bu həvəsini
“təbiəti üzərinizdə hiss edin” ideyası ilə xüsusi əl işlərinə çevirməyi qərara
alıb. Hazırladığı aksesuarlarda istifadə edilən çiçəklərin, demək olar,
hamısını Azərbaycanın müxtəlif bölgələrindən, dağlardan, meşələrdən toplayır,
bitkilərin gözəlliyini hər kəsə ötürməyə çalışır.

Cixisyolu.com çiçəkləri epoksid qatranının köməyi ilə sənət əsərinə çevirən Toğrul
Nəcəflə müsahibəni təqdim edir:

– Toğrul bəy, çiçəkləri toplamağa, onları əl işinə çevirməyə həvəsiniz necə
yarandı?

– Hər zaman təbiətə qarşı çox böyük sevgim, həvəsim olub. Haradasa üç-dörd il
bundan əvvəl təbiətə olan sevgimi təbiətin içində yaşamaq üçün hərəkətə keçdim.
Bölgələrə gəzintilər, təbiət qoynunda çadır düşərgəsi, meşələrdə gecələmək,
yeni səfalı yerlər kəşf etmək ən sevimli məşğuliyyətimə çevrildi. Bundan sonra
dağlarda, meşələrdə, çay-göl kənarlarında görüb, topladığım çiçəklər marağıma
səbəb oldu. Yavaş-yavaş çiçəklərdən nə isə yaratmağa cəhd edirdim.
Fikirləşirdim ki, insanlar bu gözəllikləri ancaq meşələrdə, kəndlərdə, yaxud
hansısa gül salonlarında yox, öz üzərlərində hiss etməlidirlər. Yəni toxunmaq,
çantasını açıb baxanda çiçəyi görmək, üzərində çiçəkdən aksesuar gəzdirmək
cəlbedici ideya kimi gəlirdi. Həmin fikirlərlə bir şüar ağlıma gəldi: “təbiəti
üzərinizdə hiss edin” deyərək, epoksid qatranı ilə çiçəklərdən aksesuarlar
hazırlamağa başladım.

– Qüsursuz əl işləri hazırlamağı qısa müddətdə öyrənə bildiniz? Yoxsa çətin
oldu?

– Təxminən üç il əvvəl əl işləri hazırlamağa başlamışam. İlk altı ayda
haradasa 250-yə yaxın tam ürəyimcə hesab etmədiyim, təcrübə saydığım aksesuar
hazırlamışam. Onda çiçəkləri tam quruda bilmirdim, epoksid qarışığının
tərkibini alındırmaq çətin olurdu və s. 200-dən çox aksesuarı ziyan edəndən
sonra istədiyim kimi əl işləri alındı.

Bir şeyi də qeyd edim ki, o zamanlar Azərbaycanda bu sahə yox dərəcəsində idi.
Sosial şəbəkələrdə, internetdə bu haqda videolar da yoxdur. Ona görə
əcnəbilərin videolarına baxırdım, öyrənmək üçün onlardan istifadə edirdim.

– Öz peşəniz nədir?

– Mebel ustasıyam. Emalatxanada yumşaq mebel, divan-kreslo hazırlayırdım. Amma
zamanla aydın oldu ki, bu, mənim tərzimdə olan iş deyil. İstədiyim öz işimi
yaratmaq, biznesə çevirməkdir. Qısaca desək, mebel ustası olmuşam, sonra
turist, hazırda isə əl işləri hazırlayan kiçik sahibkar.

– İlk dəfə hansı çiçəkdən aksesuar hazırlamısınız?

– Həmin çiçəyin adını hələ də bilmirəm. Marketə gedəndə yolda bir ağac qarşıma
çıxdı, çiçəyi xoşuma gəldiyinə görə dərdim, heç qurutmadan aksesuar hazırlamağa
çalışdım. Təbii ki, alınmadı, amma mənim üçün xatirəsi qaldı.

Ən çox aksesuar hazırladığım sərt karantin dönəmi olub. Mebel sahəsindəki
işimdən ayrılmışdım, evdə sıxıntıdan nə edəcəyimi bilmirdim. Qardaşımın dostu
epoksid qatranı ilə böyük əşyalar, masalar, stullar, suvenirlər hazırlayırdı və
məni də həmin işə dəvət etdi. Sırf öyrənmək üçün onun emalatxanasında bir
müddət işlədim. Mənə çox maraqlı gəldiyindən çiçəklərlə bu işi daha da
genişləndirə biləcəyimi düşündüm. Karantində əlimdəki plastik qəliblərdən və
çiçəklərdən istifadə edərək, davamlı olaraq aksesuarlar hazırladım. Çiçəkləri
sənətə çevirmək sərt karantinin mənə bəxş etdiyi ən yaxşı ideya oldu.

– Hobbinizin məhsulunu satışa çıxarmağı necə qərara aldınız?

– Əslində, heç belə bir niyyətim olmayıb. Hələ də işin biznes sahəsi məni
ciddi cəlb etmir. Amma hazırladığım aksesuarlarla nəsə etməli idim. Yəni 1
000-dən çox əl işini evimdə saxlamağım da bir az ağılsızlıq olardı. Amma ilk
satışım da təsadüfən oldu. Əl işlərimi özümün sosial şəbəkə hesabımda
paylaşmışdım. Bir nəfər almaq istədiyini yazdı. Çobanyastığı çiçəyindən
boyunbağı hazırlamışdım və həmin şəxs onu aldı. İlk dəfə üçün qiymət deməyə də
çox çətinlik çəkirdim, çünki bu haqda heç düşünməmişdim.

Çobanyastığı çiçəyi mənim üçün uğurlu olsa da, sonralar ondan hazırladığım əl
işlərimin sayı azaldı. Çünki çox rahat istifadə edilə bilən çiçəkdir, rahat
qurudulur, aksesuarda da gözəl görünür. Amma mən daha mürəkkəb kompozisiyalar
hazırlamaq istəyirdim. Bir neçə çiçəyi birləşdirmək, yarpaqlardan, ləçəklərdən
istifadə edərək, mürəkkəb əl işləri hazırlamaq istəyirdim. Ona görə buna daha
çox yönəldim.

– İstifadə etdiyiniz çiçəklərin hamısını özünüz yığırsınız?

– 90 faizi öz yığdığım bitkilərdir. Rayonlarda düşərgələrdə olarkən, meşələrdə
qalarkən mütləq çiçək yığıram. Bəzi bölgələrimizdə elə hündürlüklər var ki,
ilin ancaq bəlli fəsillərində orada maraqlı, qeyri-adi bitkilər tapmaq olur.
Daha çox aprel ayının sonu, iyun ayının əvvəlinə qədərki dövr çiçəklərin ən çox
açdığı vaxtdır. Cənub bölgəsi bitkilərin rəngarəngliyi baxımından əlverişlidir.
Amma şimal zonasında da gözəl çiçəklər əldə edirəm. Aksesuarlarda az istifadə
etdiyim standart çiçəkləri isə dünya üzrə onlayn satış portallarından, başqa
ölkələrdən sifariş edirəm. Lakin fikir verirəm ki, sifariş üçün mənə yazan
insanlar da təbii çiçəkləri, öz yığdıqlarımı daha çox bəyənirlər. Ən çox
satılan ozatamnus çiçəyidir. Azərbaycanda bitmir, ağ və çəhrayı olmaqla iki
rəngi var. Rusiyadan toxumunu alıb, evdə özüm əkmişəm. Çiçək tam açmır, kiçik
toxumlar formasında olduğundan qurudulması və istifadəsi rahat olur.

Zəncirotu çiçəyi də çox sevilir. Onu göstərə bilməyəcəyəm, çünki çox yüngül
çiçək olduğundan saxlanılması çətindir, uçur. Zəncirotunu əldə edən kimi
aksesuar hazırlayıb, saxlayıram.

Ən çox sevilən bitkilərdən biri də yoncadır. Amma onun da hazırlanması
rahatdır. Sadəcə, yonca üçyarpaqlı və dördyarpaqlı olur. Dördyarpaqlı yoncanı
tapmaq çox çətindir. Bu, həqiqətən, əsl tapıntıdır. Ona görə uğur simvolu hesab
olunur. Belə inanc olduğundan dördyarpaqlı yonca ilə hazırlanan aksesuarların
sifarişləri də çox olur.

– Aksesuarların eynisini dəfələrlə hazırlaya bilirsiniz?

– Yox. Həmişə aksesuar istəyənlərə də deyirəm ki, sosial şəbəkə hesabında
paylaşdığım əl işlərinin əksəriyyətinin təkrarı yoxdur. Məsələn, çobanyastığı,
yonca, qızılgül kimi bir çiçəkdən ibarət əl işlərini təkrar hazırlamaq olar.
Amma müxtəlif çiçəklərdən ibarət kompozisiyaları eyni formada təkrar-təkrar
hazırlamaq, demək olar, mümkünsüzdür. Mən ona görə fərqli çiçəklərdən, fərqli
düzülüşlə, arasında toxumlar, yarpaqlar, çubuqlar qoymaqla tamam fərqli dizayn
edirəm. Paylaşdığım hazır əl işlərinin əksəriyyəti təkrarsızdır. Bunu əvvəldən
müştərilərə deyirəm.

– Cəhd edib, alındıra bilmədiyiniz çiçəklər olub?

– Əlbəttə. Bir müştərim sevdiyi xanım pion çiçəyini xoşladığına görə ona bu
bitkidən hazırlanmış aksesuar hədiyyə etmək istəmişdi. Bu çiçək kiçik bir
aksesuar üçün çox böyükdür, qəliblərə yerləşdirmək mümkün deyil. Hətta zanbaq,
orxideya istəyənlər də olub. Mən onlara başa salmışam ki, istədikləri çiçəklər
həm böyükdür, həm də bəzilərinin qurudulmağı o qədər də uğurlu alınmır.
Məsələn, yasəmən çiçəyi ilə hazırlanan aksesuarlar çox istənilsə də, heç bir əl
işində bu çiçəkdən istifadə edə bilmirəm. Çünki olduğu kimi qurudulması mümkün
deyil, ləçəyin rəngi solur. Bu, hər bir çiçəyin tərkibindən, kimyəvi
xarakterindən asılıdır.

Amma öz istədiyi bitkini gətirib, ondan aksesuar düzəltməyimi xahiş edənlər də
olub. Bir xanım Qubadan dördyarpaqlı yonca dərib, gətirmişdi. Bu yoncanı tapmaq
hətta mində bir ehtimaldır, özünə dedim ki, çox şanslısınız. Həmin yoncadan
aksesuar hazırlayıb, təhvil verdim. Bu mənim üçün həm də təəccüblü məsələ idi.
Çünki adətən, əl işlərimin 99 faizini bəylər almaq istəyir, xanımlara hədiyyə
edirlər. Xanımın bunu özü üçün istəməsi mənə görə önəmli məqam idi.

– Kişilər, adətən, üzərlərində çiçəkli aksesuar gəzdirməyə meyilli olmurlar.
Bəs onların istifadə edə biləcəyi nə isə hazırlamırsınız?

– Zəncirotu kimi bitkiləri bəylər də sevirlər. Bununla bərabər, dəniz
modelləri də var, hansı ki, qum, dəniz ulduzu, balıqqulağı, kiçik daşlar və s.
istifadə edərək, hazırlayıram. Həmin aksesuarlar üçün materialları da özüm
dəniz kənarından toplayıram. Yeganə dəniz ulduzu, təbii ki, sünidir və
sifarişlə gətirmişəm.

– Qeyri-adi sifarişlər almısınızmı? Qəti şəkildə imtina etdiyiniz istəklər
nələr olub?

– Bəlkə də, yüzlərlə belə istəklər olub, imtina etmişəm. Məsələn, saçdan, ana
südündən, uşağın çıxan ilk dişindən, qandan istifadə edərək, aksesuar
hazırlatmaq istəyən insanlar olub. Bir nəfər mənə yazaraq demişdi ki, anası
rəhmətə gedib, dişi ondadır və o dişdən epoksid qatranı ilə aksesuar
hazırlatmaq istəyir. Başqa bir xanım yazıb, sevdiyi insanla özünün qanından
aksesuar hazırlamağımı xahiş edib. Bu cür təkliflərə qəti şəkildə “yox” demişəm.

– Epoksid qatranı ilə işləməyiniz sağlamlığınıza ziyan vurur?

– Əlbəttə. Bu, kimyəvi maddədir. İnsan orqanizminə daxil olması ciddi
fəsadlara yol açır. İşə yeni başlayanda birdən-birə səs tellərimdə, boğazımda
narahatlıq olduğunu, öskürək yarandığını hiss etmişdim. Vəziyyət ciddiləşdikdə,
nəfəs almağım çətinləşdikdə həkimə getdim, müayinədən keçdim. Həkim hansısa
kimyəvi maddənin təsirinə məruz qaldığımı, bunu aydınlaşdırıb, müalicə
yazacağını dedi. Ona işimi izah edəndən sonra hər şeyi anladı və maska-əlcəklə,
eynək taxaraq, fasilələrlə işləməyi məsləhət gördü. Bu hadisədən sonra ciddi
diqqət edirəm.

– Topladığınız çiçəklərdən ən maraqlısı hansı olub?

– “Unutma məni” çiçəyi. Bu çiçək Azərbaycanda çox sıx rast gəlinən bitki
deyil. Cəmi iki kənddə – Yardımlıda Nisəqala kəndində və Lerikin Vizəzəmin
kəndində görüb, dərmişdim. Qarşıma çıxan çiçəklərin adlarını və mənalarını
dəqiqləşdirmək çox çətindir. Bəzi çiçəklər var ki, ancaq bölgələrimizdə, bəzi
dağlarda, meşələrdə bitir. Çox zaman internetin köməyi ilə onları
dəqiqləşdirmək mümkün olmur. Əksəriyyətini rusdilli bloqlardan oxuyub, izləyib,
tapıram.

Rayonlarda yerli sakinlərlə görüşəndə də çiçəklərin çoxunun adlarını
bilmədiklərini müşahidə edirəm. Sakinlər bitkilərin ən çox faydalı tərəflərinə
diqqət yetirirlər. Məsələn, hansı bitki hansı sağlamlıq probleminə yaxşı təsir
edir, hansı çiçəyi qaynadıb, necə içmək lazımdır və s. Ən sevilən bitki isə
kəklikotudur. Kəndlilər çiçək topladığımı biləndə kəklikotu, üzərlik təklif
edirlər ki, çiçəyindən, toxumundan aksesuar hazırlayım. Hətta bu marağım
camaatın mənə bəzən “Mösyö Jordan” deyə müraciət etməsinə də səbəb olur. Bəzisi
də: “A bala, o çör-çöpü neyləyirsən?” – deyə təəccüblənir.

Bir dəfə Bakıda “bit bazarı” adlanan ərazidə bir xalanın çoxlu otlar satdığını
gördüm. Çiçəklərdən biri diqqətimi çəkdi, sarı rəngdə kiçik, qurudulmuş bitki
idi. Almaq istədiyimi bildirəndə satıcı xala bitkinin faydalarını saymağa
başladı: “böyrəyə xeyirdir, dəmləyib içərsən, can dərmanıdır”. Xala nə bilsin
ki, mən çiçəyi görünüşünə görə, aksesuarlarda istifadə etmək üçün alıram.

– Xarici ölkələrə göndərdiyiniz aksesuarlar olub?

– İndiyə qədər iki dəfə ABŞ-yə, 10 dəfədən çox Türkiyəyə poçtla sifariş
göndərmişəm. Bir dəfə də Polşadan sifarişim olub, onu da hazırlayıb təhvil
vermişəm. Sosial şəbəkələrin imkanları geniş olduğuna görə dünyaya çıxış şansı
da yaxşıdır.

– Əl işlərinizi məşhurlar da bəyənirlər? Onlardan sifariş almısınız?

– Məşhurların əksəriyyəti əl işlərini reklam qarşılığında almaq istəyir. Mənə
isə bu metod cəlbedici gəlmir. Auditoriyamın daha çox çiçəkləri sevən, sırf
təbiətə, bitkilərə, əl işlərinə dəyər verən insanlar olmasını istəyirəm.
Dediyim kimi, bu sahənin biznes tərəfi məni maraqlandırmır. Bir dəfə müğənni
Təranə Qumralın qızı Qumral mənə yazmışdı. Düzü, mən həmin xanımı tanımırdım,
müğənni olduğunu da bilmirdim. Beş ədəd aksesuar sifariş etmək istədiyini qeyd
etdi və mən də ümumi məbləği yazdım. Amma o bunları reklam qarşılığında
istədiyini bildirdi. Mən razılaşmadıqda cəmi bir aksesuarı aldı.

Amma mərhum aktrisa Tünzalə Əliyeva ölümündən bir-iki ay əvvəl qızı üçün
“bulud kolleksiyası”ndan sırğa-boyunbağı dəsti sifariş etmişdi. Aktrisanın
durumunu bildiyimdən təmənnasız şəkildə bu aksesuarları ona göndərmək istədim.
Amma o həm ödəniş etdi, həm də öz səhifəsində aksesuarları yayımlamışdı.

“Soyuq Günəş” filminin baş rol ifaçısı, aktrisa İranə Kərimovaya isə əl
işlərindən birini hədiyyə etmək istəyirdim. Ona yazdım, çox səmimi şəkildə
cavab verdi. Hədiyyə olaraq, qəbul edə bilməyəcəyini, amma işlərimi
bəyəndiyini, gələcəkdə ödənişlə əldə edəcəyini dedi.

– Çiçəklərdən daha nələr düzəltmək istəyirsiniz? Bu sahədəki hədəfləriniz
nədir?

– Kiçik aksesuarlardan böyük işlərə keçmək istəyərdim. Daha çox iri tablolar,
masalar, suvenirlər hazırlamaq istəyərdim. Amma çox güman ki, bu məqsədləri
Azərbaycanda reallaşdıra bilməyəcəyəm. Çünki bizdə əl işləri o qədər də maraq
cəlb etmir. Təəssüf ki, insanlar bu cür əməyə dəyər vermək əvəzinə, daha ucuz
əşyalara meyil edirlər. Amma mən gələcəkdə öz emalatxanamı qurub, bunu həm
kiçik bir kafe, insanların istirahət edəcəyi məkan kimi, həm də əl işlərimin
hazırlanma prosesini canlı göstərə biləcəyim, onları nümayiş etdirəcəyim yer
kimi istifadə etmək istəyərəm.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Source link