Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət
Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə
təqsirləndirilən şəxs Yadigar Ramiz oğlu Bilalovun məhkəmə prosesinin növbəti
iclası keçirilib.
“Unikal”ın məlumatına görə, Yadigar Bilalovun məhkəmə prosesində sənədlərin
tədqiqi zamanı təqsirləndirilənin əvvəllər məhkum olunmadığı üzə çıxıb.
Zərərçəkmiş İlqar İbrahimovun 95 min manat ziyanından hər hansı məbləğ
ödənilmədiyi, digər zərərçəkən Xuraman Məmmədovaya isə 44 min 750 manat
ziyandan 4 min manat ödənildiyi məlum olub. İttihama görə, Yadigar Bilalov 3.5
kq qızıl-zinət əşyalarını Türkiyədən gətirmək məqsədilə Xuraman Məmmədovadan
yuxarıda sadalanan məbləği alıb.
Təqsirləndirilən Yadigar Bilalov son söz çıxışında belə bir ifadə işlədib:
“İlqar, sən məndən polisə şikayət edə bilərsən, mən isə səndən Allaha şikayət
edəcəyəm. Mənim azadlıqda kifayət qədər alacağım var. Himayəmdə iki azyaşlı
uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm. Qardaşım da hərbi xidmətdə
vəfat edib. Altı övladı olan ailəyə tutulana kimi yardım etmişəm. Mən pulu
ödəmək istəyirəm”.
Cinayət işində iki nəfər – İlqar David oğlu İbrahimov və Xuraman Mədət qızı
Məmmədova zərərçəkmiş kimi tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci
şəxsə isə 44 750 manat dələduzluq edib. Məlum olub ki, Yadigar Bilalov Moskva
Univermağında qızıl alveri ilə məşğul olub. Zərərçəkmiş şəxslər də elə qızıl
alverçiləri olublar.
Hakim məhkəmə istintaqının bitməsini elan edərək çıxış üçün dövlət ittihamçısı
Tural Yaqubova söz verib. Dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək
Yadigar Bilalovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs İlqar İbrahimov zərərçəkmiş şəxslə barışmadığını, onun 2
milyon manatdan yuxarı məbləği harada gizlətdiyini bilmək istədiyini məhkəmənin
nəzərinə çatdırıb. Digər zərərçəkən Xuraman Məmmədova isə Yadigar Bilalovla
barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirib.
Çıxışlardan sonra hakim hökmü elan edib. Hökmə əsasən, Yadigar Bilalov 7 il
müddətinə azadlıqdan məhrum edilib.