Sərbəst güləş millimiz Avropa Oyunlarında ikinci oldu

Baxış sayı: 2. 239 dəfə baxılıb.

Sərbəst güləş millimiz Avropa Oyunlarında ikinci oldu

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışları başa çatıb.

ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, üç gün mübarizə aparan idmançılar altı dəst medalın sahibini müəyyənləşdirib.

Yalnız iki ölkə təmsilçisi çempionluq sevinci yaşayıb. Zəngin sərbəst güləş ənənələrinə malik olan və əksər yarışların qalibi olan Rusiya bu dəfə də hamını qabaqlayıb. Bütün idmançıları medal qazanan şimal qonşularımız dörd çəki dərəcəsində çempionluq yaşayıb.

Rusiyadan başqa, yalnız Azərbaycan güləşçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumilikdə beş mükafat əldə edən təmsilçilərimiz bu idman növündə ikinci olub.

Yığmamızın heyətində Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl, Nurməhəmməd Hacıyev (-97 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq) və Camaləddin Məhəmmədov (-125 kq) bürünc medal əldə edib. Yalnız Aleksandr Qostiyev (-86 kq) yarışı mükafatsız bitirib.

Gürcüstan millisi Belarusda dörd mükafat qazanaraq üçüncü olub. Qonşularımız iki gümüş və iki bürünc əldə ediblər.

Ümumilikdə isə 24 medalı doqquz ölkədən olan idmançılar qazanıb.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşdə səkkiz dəst medal sahibini tapmışdı. İlk “üçlük” indiki kimi olmuşdu. Millimiz həmin vaxt iki qızıl və dörd bürünc medal qazanmışdı.

Səbuhi Musayev