6a79e9c6-ed1c-4016-8c41-3efc5092733b..jpg

“Sərhəddə toqquşma olacaq” proqnozu: Ermənistan üçün daha dramatik nəticələr – TƏHLİL

Baxış sayı: 725 dəfə baxılıb.

“Sərhəddə toqquşma olacaq” proqnozu: Ermənistan üçün daha dramatik nəticələr –
TƏHLİL

Nüfuzlu analitik təşkilat olan Beynəlxalq Böhran Qrupunun hesablamasına görə,
2023-cü ildə Azərbaycan-Ermənistan münasibətləri qarşıdurmaya doğru
sürüklənəcək.

“Beyin mərkəzi” proqnozlaşdırır ki, bu il mümkün Azərbaycan-Ermənistan hərbi
eskalasiyası 2020-ci ildəki 44 günlük müharibədən daha qısa, lakin nəticələrinə
görə, daha dramatik olacaq.

Yəqin ki, Beynəlxalq Böhran Qrupu dramatiklik mənzərəsini canlandırarkən
əsasən, Azərbaycan-Ermənistan sərhədlərində Bakının xeyrinə dəyişə biləcək
həlledici strateji nəticələri nəzərdə tutur. Çünki analizdə Azərbaycanın
üstünlükləri qabardılıb və Ermənistan ən zəif bənd kimi göstərilib.

2023-cü ildə Azərbaycan danışıqlar prosesinə öz faydalı iş əmsalını qaldırmaq
üçün üstünlük verən diplomatik ritorikanın davamını gətirə bilər.

Ermənistanın bəzi sancıları isə Bakının sülh gündəminin formasını dəyişməsi
ilə nəticələnə bilər.

Bakı-İrəvan danışıqları və bu müzakirələrin əhəmiyyətsiz dalana doğru gedişi
Azərbaycan dövlətinin hesablamalarında risklər kateqoriyasında yer alır.

Bunu Bakıdan səslənən bəyanatlardan və İrəvandan ucalan qeyri-müəyyən
səslərdən duymaq olur. Ermənistan Azərbaycandan fərqli olaraq prosesi sülhlə
yekunlaşdırmağa deyil, özünə interval götürüb revanşizmə hazırlaşmaqdan ötrü
istifadə edir.

Rusiyanın proseslərdəki yeri isə Ukraynadakı müharibənin gedişatları ilə
dəyişir, hərçənd ki, Moskvanın Cənubi Qafqaza baxışında strateji redaktələr
edəcəyini demək düzgün səslənməz.

Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Rusiyanın Ukraynada apardığı
müharibəsinin əks-sədasının təsirləri xüsusilə Cənubi Qafqazda kəskinləşib.

Bu fikirdən yola çıxaraq, Cənubi Qafqazda beynəlxalq oyunçular kontekstində
mərkəz Rusiya olsa da, nüfuz balansının Kremldən sürüşüb çıxması üçün Qərb
tərəfindən planlar icra edildiyini deyə bilərik.

Azərbaycan isə nəhəng maraq toqquşmalarının episentrində yer almaqdan qaçır və
özünü bütün tərəflərə qalib obraz kimi tanıtmaq, bundan sonra da həlledici
nəticələr qazanmaq üçün güc nümayişi göstərmək zərurətini hiss edir.

Rusiya Ukraynada əzablara düçar olsa da, digər regionlar üzrə aqressiv
niyyətlərini Bakıya qarşı çevirmək xəttinə getmir .

Bunun səbəbi həm Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, həm də Rusiya
ilə yaxşılaşan əlaqələridir. Bunlar Azərbaycan-Rusiya əməkdaşlıq formatına yeni
xüsusiyyətlər gətirir.

Rusiya qəzəbli tonunu Ermənistana hiss etdirir, çünki İrəvanın Kremlin
qucağından düşüb Qərbin ağuşuna atılması cəhdləri Moskva üçün qırmızı
cizgilərin tapdalanmasıdır.

Azərbaycan Rusiya ilə Ermənistanın gərginliyindən böyük ustalıqla istifadə
edir və Moskvanın dəstəkləyici formullarını alır.

Azərbaycan Qərbdən də eyni münasibət görür, hərçənd ki, Fransa əks-cəbhədə
qərarlaşıb.

Qərbin digər ölkələrindən və təşkilatlarından verilən bəyanatlarda ikitirəli
fikirlər olsa da, bu, Bakı ilə münasibətlərin xarakterini zədələyəcək həddə
çatmır. Ukraynadakı müharibənin şiddətlənməsi ilə enerji bazarlarının laxlaması
fonunda Azərbaycanın Avropanın enerji bazarlarında baş rola yiyələnir, buna
görə də, Qərb Bakıya qarşı hədsiz aqressiv tərz nümayiş etdirən deyil.

Deməli, Azərbaycan-Ermənistan münasibətlərinin qurulması prosesində Rusiya da,
Qərb də Bakının yanındadır, hərçənd ki, hərəsinin öz fərqli strateji məntiqləri
mövcuddur.

Bakı 2023-cü ildə İrəvanın qeyri-adekvat davranışları fonunda regional və
beynəlxalq konyunkturanı nəzərə alaraq münasibətlərin güc yolu ilə
nizamlanmasını rəhbər tuta bilər.

Buna təkan verən 4 əsas amil:

1. Ermənistan Azərbaycanın delimitasiyaya dair tələblərini qarşılamır,

2. Ermənistan biclik edərək silahlanmaq məcrasına girməyə cəhd edir,

3. Zəngəzur dəhlizi məsələsində Bakının məntiqi ilə razılaşmır,

4. Qarabağda açıq qalan məsələlərin həllində Ermənistandan kart kimi istifadə
edilməyə cəhdlər olunur.

Bakının bütün kartları – həm diplomatik-siyasi təzyiq, həm də hərbi-siyasi
təzyiqlər – var ki, bu da ona xeyli üstünlük qazandırır.

Rusiya ilə Qərb arasındakı kəskinləşən maraq çarpışmaları, strateji
yanaşmalarındakı sürətlə bir-birindən uzaqlaşan tezislər Azərbaycan-Ermənistan
danışıqlarının dalana dirənməsində rol oynayır.

Rusiya ilə Qərbin ortaq məxrəcə gələ bilməməsi Azərbaycan-Ermənistan
münasibətlərinin tənzimlənməsi yolunu batırır, Azərbaycan isə güc yolu ilə
istədiyini almağı prioritet kimi ortalığa qoyur.

Aqşin Kərimov

Source link