e71e7162-b63d-4966-af06-9b2e0fbe3aa8..jpg

Sərnişinin ölümünə görə sürücü məhkəmə zalında həbs edildi

Baxış sayı: 611 dəfə baxılıb.

Sərnişinin ölümünə görə sürücü məhkəmə zalında həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzasında bir nəfərin ölümündə
təqsirləndirilən Yusif Abışovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkəcək. Yusif Abışovun barəsində seçilmiş polisin nəzarəti
altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və o,
məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, hadisə 2022-ci il avqustun 30-da Oğuz rayonunun Mollalı
kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov idarə
etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni
itirib. Daha sonra maşın yolun kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Yusif Abışov və
sərnişini Böyükağa Hacıyev Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Lakin hadisədən 4 gün sonra sərnişin orada ölüb.

Daha sonra Yusif Abışov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə
qətimkan tədbiri seçilib.

Source link