59ec08ff-a233-4d25-89e0-63f17fcf42a7..jpg

Sərnişinlər onlar üçün qoyulan smart tipli dayanacaqlara niyə buraxılmır? – FOTO

Baxış sayı: 503 dəfə baxılıb.

Sərnişinlər onlar üçün qoyulan smart tipli dayanacaqlara niyə buraxılmır? –
FOTO

Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsindən ağız
dolusu danışan cavabdeh qurumun daha bir “nümunəvi” addımı müzakirə yaradıb.
Sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan və Bakı şəhərində mərhələlərlə
quraşdırılan smart tipli avtobus dayanacaqlarına sərnişinlərin özləri
buraxılmır.

Bununla bağlı Bizim.Media-ya bir neçə sərnişin müraciət edib.

Dediklərinə görə istilərin dözülməz olduğu vaxtlarda sərinləmək üçün
kondisionerli qapalı dayanacaqlarda gözləmələrinə imkan verilmir.

“Burada gözləyə bilməzsiniz, çölə çıxın” deyirlər. O gün “Əhmədli”
metrostansiyasının yaxınlığındakı dayanacaqda avtobus gözləyirəm. Oğlum həm
yorulmuşdu, həm də istiyə dözümü qalmamışdı. Smart dayanacağa göndərdim ki, heç
olmaya marşrut gələnə qədər orada gözləsin.

Baxdım ki, uşaq geri gəlir. Soruşdum, dedi “ana məni içəridən çıxarıb dedilər
ki, burada oturmaq olmaz”. Anlamıram, bəs, bunları nə üçün quraşdırıblar?
Özləri üçün? Satdılarını satıb, sərinləsinlər? Nə vaxta qədər biz sərnişinlər
əziyyət çəkəcəyik?”, – deyə şikayətçi sərnişinlər qeyd edib.

Problemlə bağlı isə konkret iki ünvan – “Əhmədli” metrostansiyasının
yaxınlığında və S.Vurğun bağında yerləşən smart dayanacaqların adı çəkilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat
katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan
ünvanlardakı smart tipli avtobus dayanacaq pavilyonları yeni qoyulub və texniki
quraşdırma işləri tam yekunlaşmayıb:

“İşlər yaxın günlərdə tam yekunlaşdıqdan sonra pavilyondan sərnişinlər rahat
şəkildə istifadə edə biləcəklər. Onu da bildirim ki, smart tipli avtobus
dayanacaq pavilyonlarının quraşdırılması dövlət özəl tərəfdaşlığı çərçivəsində
həyata keçirilir.

Layihəyə uyğun olaraq əsasən insanların daha sıx toplaşdığı, sərnişin axını
yüksək olan ərazilərdə bu mərhələdə ümumilikdə 100 ədəd bu tip pavilyonun
quraşdırılması nəzərdə tutulub. Hazırda 23 ədədi quraşdırılıb və proses davam
edir”, – deyə qurum rəsmisi əlavə edib.

Məlumat üçün bildirək ki, smart avtobus dayanacaqlarının bir çox üstünlükləri
var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da
şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir.

Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları
və monitor quraşdırılıb.

Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli
hesabına təmin olunur. Həmçinin smart dayanacaqlarda kofe, çay, su və s. zəruri
məhsulların satışı təşkil edilir.

Yaxın 2 il ərzində ümumilikdə Bakı şəhərində 100 smart dayanacağın
quraşdırılması planlaşdırılır.

Source link