5f11e459-27e7-490a-bdac-4016099aeeb7..jpg

Şərqdə ilk opera yazan qadın bəstəkar – Şəfiqə Axundova – FOTO

Baxış sayı: 745 dəfə baxılıb.

Şərqdə ilk opera yazan qadın bəstəkar – Şəfiqə Axundova – FOTO

Hərənin öz qisməti, taleyi olan bu həyatda onun öhdəsinə bəstəkarlıq missiyası
düşmüşdü. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq,
o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də
başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq
zirvələrini fəth etmişdi.

AZƏRTAC xəbər verir ki, yanvarın 21-i görkəmli bəstəkar, Xalq artisti,
“Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasından 99 il ötür.

O, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi
Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin
tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı
Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın
sinfini bitirib.

İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun
xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq
ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb.
Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional
bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin
qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb.
“Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli
üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam
parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən
irəli gəlir və əsərə uğur qazandırır.

Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası,
böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”,
“Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”,
“Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı
və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə
şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”,
“İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl,
ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik
mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda
dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər
Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana
Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə,
Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və
başqalarının əsərlərinə mahnılar yazıb.

Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma
Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira
Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova
bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı
gənc ifaçı Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu
gün də ifa edilir.

Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol
oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr
verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti
tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.

Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda
dəfn olunub.

Bəstəkarın insan duyğularına toxunan mahnıları dinləyicilərin qəlbində ona
əbədilik qazandırıb. Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi
zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək,
milyonlarla dinləyicilər zövq alacaqlar.

Source link