c202921a-3e23-44c9-b30d-345eb0cc5081.jpg

Şərqi Timorun XİN rəhbəri: “Azərbaycan hökuməti COP29-a böyük səylə hazırlaşır”

Baxış sayı: 327 dəfə baxılıb.

“Azərbaycan hökuməti COP29-a böyük səylə hazırlaşır və ölkənin bu vacib tədbir
üçün fəaliyyətlərini yüksək qiymətləndiririk”.

Bunu Şərqi Timor (Timor-Leste) Demokratik Respublikasının xarici işlər naziri
Bendito dos Santos Freitas “Report”a açıqlamasında bildirib.

“İqlim dəyişiklikləri və onun fəsadları – dəniz səviyyəsinin yüksəlməsi, digər
tərəfdən isə quraqlıq və su qıtlığı – bütün dünyanın mübarizə apardığı əsas
problemlərdəndir. Bu səbəbdən COP29-un son dərəcə vacib olduğunu düşünürəm.
Keçən il COP28-də həqiqətən də çox vacib qərarlar qəbul edildi. Azərbaycanın
COP29-a ev sahibliyi etməsi region ölkələri və dünya dövlətləri üçün çox
vacibdir. COP29-da daha güclü və mühüm qərarların qəbul edilməsini gözləyirik”,
– XİN rəhbəri deyib.

Onun sözlərinə görə, COP29-da xüsusi məsələlər nəzərə alınmaqla, əsaslı
tövsiyələr verilə bilər və müqayisəli təhlillər əsasında dünya üçün tətbiq
etməli olduğumuz dəyişikliklər gündəmə gətirilə bilər.

Nazir əlavə edib ki, Şərqi Timor ilə Azərbaycan arasında bir çox sahələrdə
ikitərəfli əməkdaşlıq mövcuddur:

“Ölkə liderimiz keçən il Azərbaycana səfər edib və olduqca vacib görüşlər
keçirib. Bununla yanaşı, hər iki ölkənin dövlət və hökumət nümayəndələri
arasında ikitərəfli əməkdaşlıq haqqında qərarlar qəbul edilib. Bizim
əməkdaşlığımız möhkəm təməllər üzərində qurulub. Bundan əlavə, bir çox sahədə
təcrübə mübadiləsi ilə bağlı əməkdaşlığın genişləndirilməsini gözləyirik. COP29
çərçivəsində bu məsələlərə dair görüşlərimiz də planlaşdırılıb.”

Source link