Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin
salınması planlaşdırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Zəngilan, Cəbrayıl və Qubadlıda 2026-cı ilədək üç şəhər, beş qəsəbə və 24
kəndin salınması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan
rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında 30 ölkədən olan
ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda
dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.
“Bu təşəbbüslər müasir şəhərsalma prinsiplərinə əsaslanır və əlbəttə ki,
dayanıqlı inkişafa, inklüzivliyə və təhlükəsizliyə üstünlük verir. Lakin onu da
qeyd etməliyik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) hədəfləri çərçivəsində biz
2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı və işğaldan
azad edilmiş ərazilərdə “xalis sıfır” emissiya zonası yaratmağı öhdəmizə
götürürük. Biz Zəngilanın su enerji ehtiyatlarından istifadə edərək təmiz
enerji mənbələrini inkişaf etdiririk”, – deyə o bildirib.
V.Hacıyev qeyd edib ki, Zəngilanda artıq ümumi gücü təxminən 42 meqavat olan
dörd su elektrik stansiyası artıq istismar olunur.
Onun sözlərinə görə, Cəbrayılda bərpa olunan enerji mənbələri sahəsində də
böyük layihələr həyata keçirilir:
“240 MVt gücündə günəş elektrik stansiyaları bp-nin Cəbrayılda həyata
keçirməyi planlaşdırdığı böyük layihədir. Növbəti layihə “Nobel Energy”
şirkətinin olacaq. Şirkət burada tərəfdaşlarla birlikdə 100 MVt gücündə günəş
stansiyası tikəcək. Bu, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının
yaradılmasına mühüm töhfə verir”.