Şərti sərhəddə təxribat: DSX zabiti Ermənistan tərəfdən açılan atəşdən
yaralanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin 10-da, saat 15:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd
qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli
yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində
müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən iki nəfərin
dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan
ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, dövlət
sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı
qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən
Məmmədov yaralanıb.
Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə
Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.