Sərxoş vəziyyətdə məktəbə daxil olan şəxs HƏBS EDİLDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qəbələ rayonunun Vəndam qəsəbəsində ictimai asayişi pozmuş şəxs həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Pərvin
Məmmədov xuliqanlıq əməli ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.
Belə ki, 34 yaşlı şəxs 3 gün əvvəl sərxoş halda Vəndamdakı çayxanalardan
birinə daxil olaraq orada çay içən şəhid atası Ə.Z. ilə zarafat edib. Daha
sonra o, şəhid atası ilə mübahisə etməyə, söyüş söyməyə başlayıb.
Qardaşı tərəfindən çayxanadan çıxarılan şəxs daha sonra hərəkətlərini idarə
edə bilməyərək qəsəbənin mərkəzindəki məktəbə gedib. Sanitar qovşağa girmək
üçün məktəb binasına daxil olan şəxs orada xuliqanlıq hərəkətlərinə davam edib.
Məktəb direktoru və gözətçi tərəfindən qarşısı alınan şəxs uca səslə təhqiramiz
ifadələr işlədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayaraq Qəbələ
Rayon Polis Şöbəsinə aparıblar.
Barəsində inzibati protokol tərtib edilən Pərvin Məmmədova Qəbələ Rayon
Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verilib.