b402fea5-86ee-4269-856f-113f772e0007..jpg

Səsyazma studiyası axtarışında – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 510 dəfə baxılıb.

Səsyazma studiyası axtarışında – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən Musiqi Forumu bu sahədəki mövcud problemlərin gündəmə gəlməsi
ilə yadda qaldı. Ölkədəki musiqi studiyalarının vəziyyəti bu problemlərdən biri
oldu. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin
“Azərbaycan himni İngiltərədə yazılıb. O üç dəqiqəlik səsyazmaya görə
Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda
lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa
bilmərik, bilməyəcəyik” sözləri, əslində, bu sahənin əhatə etdiyi, ayrı vaxt
fikirlərini çatdırmaq üçün platforma tapa bilməyən çoxsaylı insanların
ürəyindən xəbər verdi.

“Kaspi” qəzeti mövzu ilə
bağlı məqalə hazırlayıb.

Əlbəttə, söhbət hazırda hər tində fəaliyyət göstərən həvəskar səsyazma
studiyalarından deyil, peşəkar musiqi studiyasından gedir. Vaxtilə bizim
tanınmış sənətkarların işlədiyi və dünyaya səs salan əsərlərin yazıldığı belə
studiyamız olub. Söhbət Fioletov-9 ünvanında yerləşən və AzTV-nin Səsyazma Evi
kimi tanınan studiyadan gedir. Bu studiya musiqiçilər arasında daha çox
“Fioletov studiyası” kimi məşhurdur.

1926-cı ildə Radio Komitəsinin fəaliyyətə başladığı həmin ünvanda 1931-ci ildə
Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə
şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik
orkestri yaradılıb. Səsyazma Evində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestri, Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı, Cahangir
Cahangirov adına xor, Niyazi adına Dövlət simfonik orkestri, Vaqif Mustafazadə
adına “Sevil” vokal-instrumental ansamblı, “Qaytağı” instrumental ansamblı,
Uşaq Musiqili Teatrı, Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı və s.
kollektivlər fəaliyyət göstərib.

Qızıl Fonda gedən mahnı və əsərlər

Vaxtilə studiyanın direktoru işləmiş Xalq artisti Mübariz Tağıyev təəssüf
hissi ilə səsyazma studiyasının fəaliyyətini dayandırdığını bildirdi:

“Qızıl Fonda gedən mahnı və əsərlərin hamısı o studiyada yazılırdı. Görkəmli
sənətkarlar, musiqiçilər o studiya ilə əlaqəli çalışırdı. İndi studiya
fəaliyyətini faktiki olaraq dayandırıb. Ola bilər nə üçünsə işləyir, amma daha
o səviyyədə deyil. Studiyada çalışan kollektivlər Mədəniyyət Nazirliyinin
tabeliyinə verilib”.

M.Tağıyev bildirir ki, özünə mahnı yazdırmaq lazım olanda dostlarının
studiyasına üz tutur: “Studiyalar çoxdur, amma müasir tutumlu, yüksək
standartlara uyğun gələni yoxdur. Yəqin, müəyyən müddətdən sonra bu haqda
düşünəcəklər”.

Bazanı gücləndirməyə ehtiyac var

Bəstəkar Nazim Quliyev də ölkədəki səsyazma studiyalarının qənaətbəxş
vəziyyətdə olmadığını təsdiqləyir:

“Səsyazma studiyaları müasir olmalıdır. İndi texnika inkişaf edir. Bizdə o
səviyyədə səsyazma studiyaları yoxdur”.

N.Quliyev xatırlayır ki, əvvəllər “Fioletov studiyası”nda səs rejissorları
kimi bəstəkarlar çalışıb. Adil Bəbirov, Aydın Əzimov kimi bəstəkarlar səs
rejissoru işləyib:

“Sonradan onlar hansı səbəbdənsə uzaqlaşdılar. Onlar yüksək səviyyədə yazılan
əsərlər təqdim edirdilər. İndi orada lazım olan avadanlıq yoxdur. Son illər
televiziyanın Xalq çalğı alətləri və Simfonik orkestri, Xor Kapellası
Mədəniyyət Nazirliyinin balansına verilib. Bu kollektivlər televiziyanın
tabeliyində olanda tez-tez çıxış edir, yeni əsərlərini səsləndirirdilər. Hamı
da bu əsərləri eşidirdi. Bu kollektivlərin nazirliyin tabeliyinə verilməsi nə
qədər düzgündür? Onsuz da nazirliyin eyni kollektivləri vardı. O kollektivlərdə
ştat vahidi azaldıldı, halbuki artırmaq lazım idi. Bu kollektivləri dahi Üzeyir
bəy yaradıb. Buna diqqət vermək lazım idi. Hesab edirəm ki, həmin kollektivlər
yenidən televiziyaya qaytarılmalıdır”.

Bəstəkarın fikrincə, ölkədə maddi-texniki bazası yüksək olan, peşəkar səs
rejissorları, təhsil almış musiqişünasların çalışdığı səsyazma studiyasına
böyük ehtiyac var:

“Həmçinin studiyanın Bədii Şurası olmalı, yazılan əsərlərin keyfiyyətinə və
kadr seçiminə nəzarət etməlidir”.

Bəstəkar oxşar problemin Dövlət Filarmoniyasının səsyazma studiyasında da
mövcud olduğunu bildirir:

“Mən 2000-ci illərdə Filarmoniyada işləyəndə yeni avadanlıqlar alınmışdı. Amma
indi müasir avadanlıqlar yaranıb. Onları da dəyişmək lazımdır”. Bəstəkar son
illər yazdığı “Naxçıvan şikəstəsi”, “İrəvan şikəstəsi” və “Xocalı şikəstəsi”ni
Filarmoniyada yazdırıb: “O əsərlərə qulaq assanız, səslənmənin necə olduğunu
hiss edərsiniz. Hesab edirəm ki, dövlətin balansında olan səsyazma
studiyalarının bazasını gücləndirmək lazımdır”.

Beşinci dərəcəli iş?

Ali dərəcəli səs rejissoru Məmmədağa Dadaşov uzun illər “Fioletov
studiyası”nda çalışıb. İndi təqaüddədir:

“Studiyanın yerləşdiyi bina Azərbaycan Televiziyasının yox, Bakı Şəhər İcra
hakimiyyətinin balansında idi. Ona görə o zamankı AzTV rəhbərliyi binanın
təmirinə diqqət göstərmirdi. Bina uçulub tökülürdü, yeni avadanlıqlar
verilmirdi. Lentlə yazırdıq. Sonra Ramin Qasımov rəhbər təyin olundu. O da nəsə
etmək istəyirdi. Öz hesabına kompüter avadanlığı aldı. Ancaq bunlar kustar
üsullar idi. Sonradan bir çox kollektivləri, həmçinin orkestrin üzvlərini
ixtisar etdilər. Xor və ya simfonik orkestr nəyə lazımdır?” – deyə ixtisarlar
başladı. Mən təqaüdə çıxdım. Daha sonra çoxu işdən çıxdı, ixtisarlar oldu.
Beləcə studiya dağıldı. Bizdə həmişə səsyazma studiyasına beşinci dərəcəli iş
kimi baxıblar”.

Rejissorun sözlərinə görə, hazırda AzTV-nin nəzdində fəaliyyət göstərən
səsyazma studiyası böyük orkestrin, xorun əsərlərini yazmaq üçün deyil:

“Böyük həcmli əsərləri balaca otaqda yazmaq olmaz. İndi studiyalar çoxdur,
hamısı da bir otaqlı evlərdir. Birini studiya edirlər, birində də avadanlıq
qoyurlar. 40-60 nəfərlik kollektivin ifasını harada yazmaq olar? Bu işi ancaq
dövlət studiyası yerinə yetirə bilər”.

Source link