Səttar Bəhlulzadə dünyasının inikası: Ev-muzeyindən FOTOREPORTAJ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bura Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri,
Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət
mükafatı laureatı Səttar Bəhlulzadənin ev-muzeyidir.
PhotoStock.az muzeydən fotoreportajı təqdim edir:
İnteryerdə rəssamın fırçaları, boyaları, müxtəlif illərdə elmi nəşrlərdə dərc
olunan məqalələri, şəxsi və rəsmi fotoşəkilləri, məşhur əsərlərinin, o cümlədən
“Corat qovunları” rəsminin reproduksiyaları da yer alıb.
Vitrinlərdə müxtəlif əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanan təbrik
teleqramları, S.Bəhlulzadənin müxtəlif dillərdəki kataloqu, fərdi sərgilərinə
dəvətnamələr, şəxsi sənədlər və digər tarixi əhəmiyyətə malik eksponatlar
sərgilənir. Vitrinlərdə rəssamın fərdi kitabları, sənət dostlarının rəssama
təqdim etdiyi kitablar, onun haqqında kitablar da yerləşdirilib.
Qeyd edək ki, hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm
Qalereyasının fondunda qorunub-saxlanılır.
O, 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib. Rəssam oktyabrın 16-da
Bakıda Fəxri xiyabanda deyil, öz vəsiyyəti ilə doğulduğu Əmircan kəndində,
anasının məzarının yanında dəfn edilib. Bəhlulzadənin məzarı üzərində
heykəltəraş Ömər Eldarov tərəfindən əlində iki boş şəkil çərçivəsi olan
rəssamın heykəli ucaldılıb.
Hazırda Bakının Suraxanı rayonunda bir küçə, doğma kəndi Əmircanın Mədəniyyət
Evi Bəhlulzadənin adını daşıyır.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət