Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə yardımı
ayıracaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar
Yardım Mərkəzi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar
minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.
APA xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası Minatəmizləmə
Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar
Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah
Məhəmməd Əl Vadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.
İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar
Süleymanov Səudiyyə Ərəbistanının Azərbaycanda minatəmizləmə fəaliyyətləri üçün
maliyyə töhfəsinə görə Abdullah Məhəmməd Əl Vadeyiyə təşəkkür edib. Görüşdə
qonağa ölkəmizin üzləşdiyi mina problemi, hazırda həyata keçirilən
genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz
torpaqlarına qayıtması üçün aparılan bərpa və yenidənqurma işləri barədə
ətraflı məlumat verilib.
Həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən
dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində fikir
mübadiləsi aparılıb. Abdullah Məhəmməd Əl Vadeyi Azərbaycan və Səudiyyə
Ərəbistanı arasında dost və qardaş münasibətlərdən məmnunluq ifadə edərək,
ölkəsinin humanitar minatəmizləmə məsələsində Azərbaycanın yanında olduğunu və
ölkəmizi dəstəklədiyini vurğulayıb.
Tədbir zamanı qonaqlar azad edilmiş ərazilərdə Ermənistan tərəfindən
basdırılmış mina və digər partlayıcı sursat nümunələrinin maketlərinin,
minaaxtaranın alət və avadanlığının və fərdi qoruyucu geyimlərin nümayiş
etdirildiyi sərgi ilə tanış olublar.