718d6323-33f7-414c-886c-cd1d45c2280a..jpg

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub – FOTO

Baxış sayı: 311 dəfə baxılıb.

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi
müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir sıra görüşlər
keçirilib, tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə
müzakirələr aparılıb.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və
planlaşdırma nazirinin birinci müavini Ammar Naqadi və beynəlxalq iqtisadi
məsələlər üzrə müavini Albara Alaskandarani ilə görüş keçirilib. Görüşdə
Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin inkişaf etdiyi, ticarət
dövriyyəsinin artdığı vurğulanıb. İki ölkə arasında iqtisadiyyatın prioritet
sahələri, həmçinin sosial-iqtisadi proqramlar sahəsində təcrübə mübadiləsinin
həyata keçirilməsinin tərəfdaşlığa impuls verəcəyi qeyd olunub. Görüşdə özəl
sektor üzrə əməkdaşlığın inkişafı məqsədilə prioritet sahələrin
müəyyənləşdirilməsinin önəmi vurğulanıb. Görüşdə ikitərəfli iqtisadi
əlaqələrimizin gündəliyində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi
barədə fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin müavininin beynəlxalq
tərəfdaşlıqlar üzrə müavini Avad Maşni ilə görüşdə qarşılıqlı əməkdaşlığın
müxtəlif istiqamətlər üzrə inkişafının önəmi qeyd edilib. Səudiyyə Ərəbistanı
ilə ticarət, investisiya, enerji, o cümlədən, yaşıl enerji, infrastruktur, azad
edilmiş ərazilərimizdə həyata keçirilən reinteqrasiya layihələri, turizm və
digər sahələr üzrə səmərəli əməkdaşlıq imkanları qeyd olunub. Görüşdə
Azərbaycanda əlverişli işgüzar mühit, biznes üçün yaradılan imkanlar barədə
məlumat verilib, Səudiyyə sərmayədarları fəal əməkdaşlığa dəvət ediliblər.

Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya tərəfdaşlığının
genişləndirilməsi, potensial birgə layihələr, tikinti sektoru və sair
istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad
ilə görüşdə ölkəmizdə bərpa olunan enerji istiqamətində görülən işlər, bu
sahədə “ACWA Power” şirkəti ilə əməkdaşlıq, azad olunmuş ərazilərimizin
investisiya potensialı barədə məlumat verilib. Sultan Əbdülrəhman Əl-Mərşad
rəhbərlik etdiyi qurumun Azərbaycanla birgə layihələrin həyata keçirilməsi
imkanlarını qeyd edib.

Görüşdə Azərbaycanda prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi
üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

“Səudiyyə Kənd Təsərrüfatı və Heyvandarlıq İnvestisiya Şirkəti”nin (SALIC) baş
icraçı direktoru Süleyman Alrumaih ilə görüşdə Azərbaycanın ərzaq
təhlükəsizliyi strategiyası, istehsal edilən aqrar məhsullar və onların ixrac
coğrafiyası barədə məlumat verilib. Bildirilib ki, ölkələrimizin ərzaq
təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq
imkanları genişdir. Azərbaycanda ixracın və ticarətin asanlaşdırılması
məqsədilə bir sıra tədbirlər görüldüyü, o cümlədən xarici ölkələrdə ticarət
nümayəndəliklərinin yaradıldığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycana aqrar sahə ilə bağlı investisiya
yatırılması, strateji ərzaq məhsullarının istehsalı və ixracı üçün böyük
potensial var. Bununla yanaşı, ölkəmizin nəqliyyat-tranzit, turizm və digər
imkanları barədə də məlumat verilib.

Görüşdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat olub,
həmçinin SALIC şirkətinin xarici ölkələrdə törəmə müəssisələri, onların
istehsal fəaliyyəti barədə məlumat verilib. Bununla yanaşı, ölkəmizin aqrar
məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması və digər mümkün
əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Source link