7c7fa55f-c8be-4207-9314-2aac685815ce..jpg

Səyavuş Heydərov: “Ermənilərin Qarabağda dağıtdığı məscidlərin daşları İran bazarlarında da satılıb”- MÜSAHİBƏ

Baxış sayı: 765 dəfə baxılıb.

Səyavuş Heydərov: “Ermənilərin Qarabağda dağıtdığı məscidlərin daşları İran
bazarlarında da satılıb”- MÜSAHİBƏ

“Ermənilərin Qarabağda dağıtdığı məscidlərin daşları İran bazarlarında da
satılıb”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov
APA-ya müsahibəsində deyib. Onunla müsahibəni təqdim edirik:

– Səyavuş müəllim, bu gün Azərbaycan üçün dini təhlükəsizlik əsas prioritet
istiqamətlərdən biridir. Bununla bağlı sizin düşüncələrinizi öyrənmək istəyirik.

– Sizinlə tamamilə razıyam. Ölkəmiz elə bir coğrafi mövqedə yerləşir ki,
burada geoiqtisadi və geosiyasi maraqlar nəinki toqquşur, mən deyərdim ki, bu
maraqlar açıq müharibə vəziyyətindədir. Böyük dövlətlər regionda öz maraqlarını
təmin etmək üçün bir çox vasitələrdən istifadə edirlər. Azərbaycanın Ali Baş
Komandanıİlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə
etdiyi qələbə ölkəmizə olan təzyiqləri kifayət qədər artırıb. Bilirsiniz, güc
mərkəzləri təbii sərvətlərlə zəngin olan ölkəmizin qüdrətli olmasını, müstəqil
siyasət yürütməsini istəmir. Onlar rahatlıqla idarə olunan və həmin mərkəzlərin
maraqlarını təmin edən dövlətləri dəstəkləyirlər. Ermənistanın bir çox
məsələlərdə dəstəklənməsi də bununla bağlıdır. Çünki Ermənistan faktiki olaraq
müstəqil olmayan və başqalarının diktəsi ilə hərəkət edən ölkədir. Təbii ki,
belə bir şəraitdə bizim üçün dini-ideoloji təhlükəsizlik məsələsi bir nömrəli
məsələyə çevrilib. Milli təhlükəsizliyimizin tərkib hissəsi olan dini-ideoloji
təhlükəsizlik Azərbaycana yönəlmiş dini mövqedən təhdidlərə, xüsusilə İranın
təxribat və pozuculuq xarakteri daşıyan fəaliyyətinə qarşı qalxan rolunu
oynayır.

– Yeri gəlmişkən, özünü müsəlman adlandıran İran nə üçün Ermənistanı
dəstəkləyir? Sizcə, onun məqsədi nədir?

– Bilirsiniz, səmimi etiraf etməliyik ki, Azərbaycan öz tarixi boyu bu gün
olduğu qədər heç vaxt güclü olmayıb. Ölkəmiz istər siyasi, istər iqtisadi
baxımdan kifayət qədər güclü dövlətə çevrilib. Vətən müharibəsi nəticəsində biz
torpaqlarımızı işğaldan azad etmişik və orada quruculuq işləri həyata
keçiririk. İranı güclü və qüdrətli Azərbaycan qəti surətdə qane etmir. İran
tarixən Azərbaycana qarşı məkrli mövqedə olub. Burada ikinci məsələ İranın dini
istismar etməsi və siyasiləşdirməsi ilə bağlıdır. İran öz siyasətini həyata
keçirmək üçün dini örtük olaraq istifadə edir. Onlar təxribat və pozuculuq
fəaliyyətini dindən istifadə edərək reallaşdırırlar. Səmimi şəkildə islam
dəyərlərinə sadiq bir dövlət məscidləri yerlə-yeksan edən, Xocalıda günahsız
insanlara divan tutan ermənilərə dəstək verərmi? Əsla verməz. 30 il ərzində
ermənilər bizim məscidlərimizdə donuz, inək saxlayıblar. Minarələrimiz azansız
qalıb. Qəbiristanlıqlarımız dağıdılıb. Bütün bunları edənləri dəstəkləmək islam
dəyərləri ilə daban-dabana ziddir. Onu da qeyd etməliyəm ki, dağıdılmış
evlərin, eləcə də məscidlərin daşları Ermənistanla yanaşı, onun “əziz” qonşusu
İranın bazarlarında da satılıb. Bütün bunlar, əlbəttə ki, təəssüf doğurur.

İslam mənəvi kamillik və ali dəyərlər mənbəyi olduğu halda bu dini
siyasiləşdirən İran ən böyük zərbəni elə islamın özünə vurur. İkinci Qarabağ
müharibəsində şəhid olan övladlarımızın əksəriyyəti həm də müsəlman idi. Bu
qədər müsəlmanı şəhid edənləri dəstəkləyən ölkənin dindən və mənəviyyatdan
danışmağa haqqı yoxdur.

– Səyavuş müəllim, hüquq-mühafizə orqanlarının əməliyyatları nəticəsində son
dövrlərdə İranın casus şəbəkəsinin üzvləri saxlanılıb. Ölkəmizdə dövlət-din
münasibətləri baxımından bu hadisəni necə qiymətləndirirsiniz?

– İran Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinə hər vəchlə zərbə
vurmağa çalışır. Ölkəmizin dünyəvi dövlət modeli, bu model çərçivəsində bütün
dinlərin, o cümlədən islam məzhəblərinin birgəyaşayış ənənəsi İranın
maraqlarına cavab vermir. İran Azərbaycanda dinin siyasiləşdirilməsinin və
siyasi proseslərə alət edilməsinin tərəfdarıdır. Bu məqsədlə onlar Azərbaycanda
müəyyən şəxslərdən istifadə edərək casus şəbəkəsi yaratmaq və hansısa
təxribatlar törətmək istəsələr də, hüquq-mühafizə orqanlarının sayıqlığı
nəticəsində bu şəbəkələr vaxtında ifşa edilərək zərərsizləşdirilib. Ancaq biz
bu prosesləri düzgün qiymətləndirməliyik. Hər bir vətəndaşımız dini-mənəvi
dəyərlərimizin saflığının qorunmasına töhfə verməli, dinin
siyasiləşdirilməsinə, radikalizm və ekstremizmə qarşı açıq mövqe nümayiş
etdirməlidir.

Biz dünyada çoxlarının arzuladığı hüquqi, demokratik, dünyəvi dövlət qurmuşuq.
Təcrübə göstərir ki, dünyəvi dövlət modelində dini-mənəvi dəyərlərin sağlam
mühitdə inkişafı üçün daha münbit və əlverişli şərait mövcuddur. Biz bunun
bariz nümunəsini ölkəmizdə görürük. Bu gün din xadimləri və bütün dini icmalar
dövlətin qayğısı ilə əhatə olunub. Belə olan halda biz ölkəmizdə dini
təhlükəsizlik mühitini gücləndirməli və yad ünsürlərin Azərbaycana nüfuzetmə
cəhdlərinin qarşısını birlikdə almalıyıq.

– Siz bir neçə gün öncə millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd
cəhdi haqqında nə düşünürsünüz? Sizcə, burada hansı məqamlar var?

– Öncə onu qeyd edim ki, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş bu
cinayət birmənalı olaraq terror aktıdır. Belə bir terror aktı hər bir dövlət
xadiminə, məmuruna, o cümlədən mənə də qarşı törədilə bilər. Fazil Mustafa
kifayət qədər intellektual savada, dini biliklərə malik, dövlətin milli
maraqlarını müdafiə edən, cəmiyyətin maariflənməsinə dəstək verən, xurafat və
cəhalətlə qətiyyətli mübarizə aparan bir millət vəkilidir.

Mən törədilmiş terror aktını qətiyyətlə pisləyirəm. O ki qaldı burada olan
məqamlara, mən istintaq və əməliyyat-axtarış fəaliyyətinin aparıldığı dövrdə
hər hansı konkret fikir səsləndirməyin tərəfdarı deyiləm. Ancaq Fazil bəy özü
də bu terroru törədənlərin kimliyi ilə bağlı ehtimalını səsləndirib. Mən də
həmin ehtimalı bölüşürəm. Fəqət məsələyə hüquq-mühafizə orqanları yekun hüquqi
qiymət verdikdən sonra daha dolğun münasibət hər kəsdə formalaşacaq.

Onu qeyd etmək istəyirəm ki, kimliyindən asılı olmayaraq bu terroru
törədənlərin məqsədi ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmaq,
vətəndaşlarımızda xof yaratmaqdır. Lakin heç bir terror və təxribat xalqımızı
haqlı yolundan, dövlətimizi ədalətli mübarizəsindən döndərə bilməyəcək. Ölkə
başçısının rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir.
Terrorçular heç vaxt istədiklərinə nail ola bilməyəcəklər.

Source link