Ali Məhkəmədə zorlamada təqsirləndirilən A.A. barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, A.A. kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.
Ali Məhkəmə onun müraciətini təmin edib.
İttihama görə, hadisə 2018-ci il noyabrın 2-də Saatlı rayonunun Şirinbəy kəndi ərazisində baş verib. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs hadisə baş verən gün gecə saat 23 radələrində həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən yolda 2000-ci il təvəllüdlü Ayna Vəliyeva (ad, soyad şərtidir) ilə qarşılaşıb.
A.Vəliyeva həmin gecə əri ilə dalaşaraq evdən qaçıb, anasının Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edirmiş. Bu zaman A.Ağamalıyev spirtli içkinin təsirindən qadınla cinsi münasibətdə olmaq fikrinə düşüb.
O, avtomobilini A.Vəliyevanın yanına sürərək, onu maşına mindirmək istəyib. Qadın onun təklifini rədd etsə də, A.A. qadından əl çəkməyib. O, qadını əlindən tutaraq zorla avtomobilə mindirib.
Qadın ərinin kim olduğunu deyərək, A.A.-ya xəbərdarlıq edib və yalvararaq ondan əl çəkməsini xahiş edib. Hətta A.Vəliyeva təqsirləndirilən şəxsə hamilə olduğunu bildirərək yalvarıb. Lakin A.A. qadının dediklərinə məhəl qoymayaraq, avtomobili çöllük əraziyə sürüb. O, avtomobildən düşərək, qadını əvvəl təhqir edib, sonra onu zorlayıb.
Qadının şikayəti əsasında həbs edilən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən A.A. əməlindən peşmanlıq çəkdiyini, zərərçəkmiş şəxsin öz razılığı ilə onunla cinsi əlaqədə olduğunu bildirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.A. 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra A.A. kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.