Saatlı Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə
saxtakarlığında təqsirləndirilən M.M.-in (şərti) cinayət işi üzrə məhkəmə
istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Mirlətif Sadıqovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.M.-ə aylıq qazancından dövlət nəfinə 15 faiz pul
tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı)
maddəsi ilə cəza təyin edilməyib. M.-ə təyin edilmiş islah işləri cəzasını iş
yeri üzrə çəkəcək. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul
tutulmaların aparıldığı vaxtdan hesablanacaq.
İttihama görə, M.M. Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini,
baş həkim vəzifəsində çalışıb.
Belə ki, o, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən
xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı
halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxslərə
2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 38 023 manat məbləğində pul
müavinətinin ödənilməsini təmin edib.
Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərib ki, əlillik
dərəcəsi olmayan şəxslərə saxta sənədlər əsasında əlillik təyin edilərək
onların qanunsuz pensiya almalarının qarşısını kəsmədiyinə görə özünü
səhlənkarlıqda təqsirli bilir.
Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırkı
cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib,
ondan şikayətçidirlər və mülki iddianı müdafiə edirlər. Ona görə də
göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki
cavabdehdən 38 023 manat maddi ziyanın alınaraq Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş
edib.