“Sabah” rəsmisi: “Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas
deyil”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil. Klubun
fəlsəfəsinə uyğun olmalıdır”.
Bunu “Report”a açıqlamasında “Sabah”ın idman direktoru İqor Ponomaryov deyib.
Klub rəsmisi baş məşqçi vəzifəsindən istefa verən Murad Musayevin qərarını
anlayışla qarşıladıqlarını bildirib: “Peşəkarlığına və komandadakı
yüksəksəviyyəli işinə görə Murad Musayevə təşəkkür edirik. Həqiqətən də,
qazandığı nəticələrlə klubun tarixində öz yerini tutdu. Komandadan ayrılmasına
gəlincə, bu, öz istəyi ilə baş verdi. Getməkdə israrlı idi. Biz də klub olaraq
onun bu istəyini anlayışla qarşıladıq və müsbət cavab verdik”.
Qeyd edək ki, “Sabah” Murad Musayevin rəhbərliyi altında 2022/2023 mövsümündə
Premyer Liqanı 2-ci pillədə başa vurub. Bakı klubu bu mövsüm 20 turdan sonra 26
xalla yeddinci sırada qərarlaşıb.