Sabah Şuşada İƏT XİN rəhbərlərinin iclası başlayır
Sabah Azərbaycanın Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv
ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayır.
Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq
Təşkilatının XİN başçıları iştirak edəcəklər.
İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və
onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər
müzakirə olunacaq.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran,
Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və
Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur.
Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür.