845134ad-b26c-4774-aa78-5dd595bc8417..jpg

Sabiq bələdiyyə sədri 2 milyon manat dəyəri olan torpaq sahələrini satmağa cəhd göstərib – İTTİHAM AKTI

Baxış sayı: 945 dəfə baxılıb.

Sabiq bələdiyyə sədri 2 milyon manat dəyəri olan torpaq sahələrini satmağa
cəhd göstərib – İTTİHAM AKTI

Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə növbəti
məhkəmə prosesi keçirilib, onun nədə ittiham olunduğu bilinib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd
Əkbərovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Bildirilib ki, Ə.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli
miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü
(vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə
etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv
etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs 2003-2009-cu illərdə Salyan
şosesi, 12 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər
təyinatlı 3 200 kvadrat metr torpaq sahəsini bələdiyyə üzvlərinin xəbəri
olmadan satıb.

Belə ki, həmin torpaq sahəsinin 1 000 kvadratmetri 2003-cü ilin dekabrında
Ə.Hüseynovun sərəncamı ilə Allahyar Şahmarova, 600 kvadratmetri 2006-cı ilin
dekabrında onun oğlu Şahmar Şahmarova, 400 kvadratmetri 2005-ci ilin dekabrında
onun digər oğlu Ramil Şahmarova, 1200 kvadratmetri isə Lalə Əliyevaya satılıb.

İş materiallarında göstərilib ki, Ə.Hüseynov Səbail bələdiyyəsinin möhür və
ştampını 2010-cu ildə seçilmiş yeni bələdiyyə sədrinə, yaxud Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təhvil verməyərək gizlədib. O, 2019-cu
ildə isə tanışı ilə birlikdə möhürdən saxta sənəd hazırlanmasında istifadə edib.

İttihama görə, Ə.Hüseynov ümumilikdə 1 milyon 824 min manat dəyərində 1,52
hektar torpaq sahələrini satmağa, həmin əmlaklarla bağlı müəyyən addımlar
atmağa cəhd göstərib. Bunun da 1 milyon 248 min manatlıq hissəsi dövlət
mülkiyyətində, 576 min manatlıq hissəsi isə Səbail bələdiyyəsinin torpaqları
olub.

Elan olunmuş ittiham üzrə Ə.Hüseynov özünü təqsirli bilməyib.

Cinayət işi üzrə Səbail bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınır.

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri
seçilib.

Source link