Sabiq baş məşqçi: “İdmançılarımızın qanunsuz mərc oyunlarını reklam etmələri
düzgün deyil”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qanunsuz mərc oyunları uşaqları, gəncləri, hətta böyükləri də pis yola
yönəldir, yavaş-yavaş kazinoya aparır. Qumar xarakterli oyunlardır. Gərək,
qadağan edilsin. Bu, şirnikləndirməkdir. Cavanlar şirniklənir, bir günün içində
varlanmaq istəyirlər. Bu isə qeyri-mümkündür. Əksinə, müflisləşir, pis
vəziyyətə düşürlər. Əllərində 500 manat pul olur, onu da itirirlər. Onların əli
ilə kimlərsə varlanır, başqasının pis vəziyyətə düşməsindən yararlanırlar. Çox
pis haldır. Qanunsuz mərc oyunlarının reklam edilməsinə qarşıyam”.
Bu sözləri Pravda.az-a güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin
sabiq baş məşqçisi, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev
son dönəmlər tanınmış idmançıların bəzilərinin öz sosial şəbəkə hesablarında
qanunsuz mərc oyunlarını reklam etmələrinə münasibət bildirərkən deyib.
“İdmançılarımızın qanunsuz mərc oyunlarını reklam etmələri düzgün deyil. Yəqin
ki, cənab nazir bunun qarşısını alacaq”, – deyə o qeyd edib.