Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən
sui-istifadədə ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinin sabiq direktoruMətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım
Babayevanın
növbəti məhkəmə prosesi keçirilib.
“Unikal”ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən
prosesdə bir çox məqamlara aydınlıq gətirilib.
Məlum olub ki, Aynaxanım Babayeva Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinin müdir müavini, hazırda direktor vəzifəsini icra edən Asif Bayramov
və digər müavin ibtidai istintaq dövründə öz aralarında razılığa gəliblər ki,
Aynaxanım Babayeva dəymiş ziyanı istintaq vaxtı ödəməsin və Mətləb Hüseynova
qarşı yalançı şahidlik edərək onun həbs edilməsinə nail olsunlar. Bu zaman
həmin ziyan ümumilikdə Mətləb Hüseynovun üzərində qalsın. Ancaq Bakı Ağı
Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə
bir çox məsələlər aydınlaşıb. Həmçinin yuxarıda adını sadaladığım şəxslərin
Mətləb Hüseynova qarşı birləşərək əlbir olmaları hakim Azər Tağıyev tərəfindən
sübuta yetirilib.
Qeyd edək ki, Peşə Təhsil Mərkəzində baş mühasib işləmiş, hazırda
təqsirləndirilən şəxs statusunda olan Aynaxanım Babayeva özü dövlətə dəymiş
ziyanı tam olaraq ödəyib.
Onu da vurğulayaq ki, məhkəmə prosesində dindirilən şahidlərin hamısı ibtidai
istintaq dövründə Aynaxanım Babayeva tərəfindən Mətləb Hüseynova qarşı
yönəldildiklərini və Asif Bayramov tərəfindən təzyiqə məruz qaldıqlarını etiraf
ediblər.
Mətləb Hüseynov isə bu kampaniyanın başlanmasının səbəbini belə izah edib:
“Mən rəhbərlik etdiyim təhsil müəssisəsinə təyin olunduqdan sonra Aynaxanim
Babayevanın bir neçə ailə üzvü və qohumunu işdən çıxartdım. Təkcə gəlinini işdə
saxladım. Bu səbəbdən baş mühasib müavinimlə birləşərək mənə qarşı kampaniyaya
başladılar. Mən ibtidai istintaq dövründə mühasibim Aynaxanımla üzləşən vaxtı
da demişəm ki, mən bu cinayəti törətməmişəm, vəzifədən heç bir zaman
sui-istifadə etməmişəm”.
Növbəti məhkəmə prosesi noyabr ayının 7-nə təyin olunub.
Qeyd edək ki, Mətləb Hüseynovun himayəsində 2 azyaşlı övladı var, hazırda heç
bir yerdə işləmir. Aynaxanım Babayeva isə hazırda “Qafqaz Wood” MMC-də baş
mühasib vəzifəsində çalışır, onkoloji xəstəliyi var, bu barədə sənədlər də
vəkili vasitəsilə məhkəməyə təqdim edilib. Oğlu Rafiq də Vətən müharibəsinin
iştirakçısıdır.
Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə
Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə)
və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər
barəsində ibtidai istintaq müddətində “başqa yerə getməmək qətimkan tədbiri”
seçilib.
İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə
əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin 175
min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.
Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsi tərəfindən aparılıb.