Məlum olduğu kimi, ötən həftə AFFA-da Hakimlər və Hakim-İnspektorlar Komitəsi birləşdirildi. Yeni formalaşan komitəyə isə avstriyalı Frits Ştuxlik sədr təyin edildi.
ÇıxışYolu.Com-ın xəbərinə görə, yeni komitənin üzvləri arasında sabiq FIFA referisi Anar Salmanov da ola bilər.
O bu barədə saytımıza danışıb:
“Mən hələ FIFA referisi olan vaxt istedadlar qrupunda idim. Onda mentorum – müəllimim avstriyalı Konrad Plauts idi. Plautsla Ştuxlik eyni dönəmdə hakimlik edib. Buna görə Ştuxlikin mənim haqda məlumatı var. Həmin gün mən, Tahir Süleymanov, Vüsal Əliyev və başqa sabiq hakimlər Plautsun iclasına dəvət olunmuşduq. Həmin iclasda keçmiş komitə sədrlərindən nə Xaqani Məmmədov, nə də Əli Hüseynov iştirak edirdi. Ştuxlik Konvensiyanın tələblərindən danışdı.
Deyilənə görə, komitədə yeddi və ya 11 üzv olmalıdır. Son söz Ştuxlikin qərarından asılı olacaq. O, yaxın 2-3 həftə ərzində yeni komitə üzvlərini təyin edəcək. Hələ bu, o demək deyil ki, mən təsdiqlənmişəm. Amma komitə üzvlərindən biri olsam, bir yumruq şəklində işləyib hakimliyin səviyyəsini qaldırmağa çalışacağıq. Çünki son on il ərzində Premyer Liqaya 1-2 hakim yetişdirə bilmişiksə, biz Azərbaycanda hakimliyin inkişafından danışa bilmərik.
Bizdə on il idi ki, Hakimlər Komitəsi müstəqil işləyə bilmirdi. İndi isə UEFA tərəfindən məsələ qaldırılıb ki, komitələr birləşdirilməlidir. Bildiyimə görə, əks halda AFFA-nı böyük cəza gözləyirdi. Bizim on il əvvəl qoşulduğumuz Konvensiyanın birinci şərti bundan ibarətdir ki, vahid komitə olmalı, onun sədri və üzvləri olmalıdır. İkincisi, bu komitənin Premyer Liqaya hakim formalaşdıran istedadlar qrupu yaradılmalıdır. Yeni sədr Konvensiyanın şərtlərini burada tətbiq etmək üçün gəlib.
Ən yüksək kateqoriyalı hakimimiz Əliyar Ağayevin hər oyundan sonra səhvlərini müzakirə etmək bu komitənin sərəncamındadır. Daha komitə PFL-dən asılı yox, müstəqil olacaq. O yalnız AFFA İcraiyyə Komitəsinə hesabat təqdim edəcək. Ştuxlik əvvəlki sədr Xaqani Məmmədovdan fərqli, ingilis və alman dillərini bilir, beynəlxalq əlaqələri möhkəmdir. O, üç illik müqavilə ilə burada işləyəcək. Özünüz görəcəksiniz, onun dönəmində kim güclüdürsə, o da hakimlik edəcək, kim zəifdirsə, aşağı diviziona göndəriləcək”.
Qeyd edək ki, Anar Salmanov 2012-2014-cü illərdə FIFA referisi olub.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com