Futbol millimiz dünən Budapeştdə Macarıstan millisi isə səfər matçında 0:1 hesabı ilə uduzdu. Lakin bu görüş heç-heçə də başa çata bilərdi. Belə ki, millimizin mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin vurduğu qol hollandiyalı baş hakim Denis Hiqler tərəfindən qeydə alınmadı.
Ötən ilin iyulun 12-də “Dalğa Arena”da “Neftçi”nin Budapeşt “Uypeşt”i ilə oyununu idarə etmiş 34 yaşlı referi 22 yaşlı futbolçumuzun topu əllə qapıdan keçirdiyini bildirdi. O, bunu yan xətt hakiminin verdiyi qərara əsasən etdiyini söylədi.
Düzdür, oyundan sonra təkrara baxıldıqdan sonra Hiqler millimizin baş məşqçisi Nikola Yurçeviçdən üzr istədi. Amma bu, ilk dəfə komandamızın Macarıstan yığmasından alacağı xalı qaytarmadı.
ÇıxışYolu.Com xəbər verir ki, azərbaycanlı sabiq FIFA referisi Tahir Süleymanov isə maraqlı iddia ilə çıxış edib.
O bildirib ki, burada millimizə qarşı qərəzlilik olub. “Neftçi”nin sabiq vitse-prezidentinin sözlərinə görə, UEFA Slovakiya oyunda macarlara qarşı olan hakim səhvlərini bu matç vasitəsilə sığortalamağa çalışıb:
“Milli necə çıxış etdi, hər kəs gördü. Ümumi oyunun təhlili başqa mövzudur. Sonda gələn qolla bir xal qazanılmalı idi…
Bəhlul Mustafazadənin vurduğu qol çox müzakirə edilir. Qol “səhv” adı ilə qeydə alınmadı. Öncədən gözlənilirdi…
Macarıstanın Slovakiya ilə ev oyununda böyük qalmaqallar yaşanmışdı. Hakim idarəçiliyi ədalətsizliyinə görə…
Macarlar açıq-aşkar sıxılmış, uduzdurulmuşdu. Oyun gedə-gedə, matçdan sonra etirazlar aşıb-daşırdı…
Buna görə UEFA mədəni Avropada Macarıstan millisini, federasiya, stadionu cərimələmiş, tribunalar fanatların üzünə qapanmışdı…
Belə qarşılaşmalardan sonra “kompensasiya” mütləq olur. Xorvatlarla matç münasib deyildi və səfərdə idi…
Macarların evdə Azərbaycanla görüşü əsl “ədalət”in bərpa olunması anı idi. Belə də oldu…
Hakim idarəçiliyi baxımından çətin oyun deyildi. Belə görüşləri bir epizod həll edir…
Epizod isə çox asan sezilirdi. Bəhlul Mustafazadəni, əlini-qolunu görmək üçün hakimlərə heç nə mane olmurdu…
Baş hakimin arxa-yandan görməməsini nisbətən qəbul etmək olarsa, köməkçinin epizodu dəqiq sezməməsi mümkünsüzdür…
Köməkçi hakimin görmə bucağı ideal idi. Qapı meydanında Bəhlul, top, bədən, əl-qol açıq görünürdü…
Epizodda nə qarışıqlıq var idi, nə də hakim(lər)ə mane olacaq başqa faktor. Ən incə məqam da, Bəhlulun kürəyi heç köməkçiyə tərəf deyildi…
Hakim futbolçunu, topu, açıq bədən hərəkətini, topun trayektoriyasını ideal bucaqdan görürdü…
Belə qolların sayılmaması səhv deyil, əvvəlki oyunlarda haqsızlığa uğramış komandanın “ödəniş”i, “kompensasiya”sıdır…”
Qeyd edək ki, Macarıstan Futbol Federasiyasının prezidenti Şandor Çanyi 2015-ci ildən UEFA İcraiyyə Komitəsinin və 2017-ci ildən isə FIFA Şurasının üzvüdür.
Səbuhi Musayev