Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.
ÇıxışYolu.Com-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır:
“Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.
Yayılan məlumatlara əsasən, S.Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittihamı ilə dörd aylıq həbs-qətimkan tədbiri seçilib. S. Rüstəmovun müvəqqəti saxlama təcridxanasında döyülərək öldürüldüyü barədə xəbərlər yayılıb.
Jurnalist Qənimət Zahid özünün “Facebook” səhifəsində bu barədə yazıb.
Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.