Sabiq MTN generalının işi üzrə məhkəmə başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq
İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və digərləri barəsində olan
hökmdən verilmiş şikayətlə bağlı proses başlayıb.
APA xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin şikayəti nəzərdə tutulan
vaxtdan gec verməsi səbəbindən prosesin təxirə salındığı elan olunub.
Mövlam Şixəliyev və digərləri məhkəmədən bəraət qərarı çıxarılmasını
istəyiblər.
Qeyd edək ki, general-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1,
182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə
tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1
(qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət
alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib
Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə
səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər
maddələrlə ittiham olunublar.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin
rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin
2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin
metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8
il azadlıqdan məhrum edilib. Mövlam Şixəliyevin general rütbəsindən məhrum
edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.
Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Prezident İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin general-mayor ali
hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən
uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilməsi barədə
sərəncam imzalayıb.