Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağdakı Rusiya sülhməramlılarının 9 May faşizm üzərindəki Qələbə günü münasibətilə Xocalı aeroportunda keçirmək istədikləri paradla bağlı təklif irəli sürüb.
Cixisyolu.com xəbər verir ki, sabiq nazir bildirib:
“9 May Azərbaycanda dövlət bayramıdır. Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komando”larının göndərilməsini təklif edirəm”.
T.Zülfüqarovun sözlərinə görə, bu halda Xocalı aeroportundakı parad yüksək səviyyəli tədbir ola bilər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda yerləşən Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb.
Aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.
Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.
Ötən il Azərbaycan Ordusu Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi.
10 noyabr 2020-ci ildə imzalanmış üztərəfli bəyanatdan sonra qoşunların təmas xəttinə 2 minədək Rusiya hərbçisi yerləşdirildi.
Xankəndi şəhəri, Xocalı və Ağdərə, Xocavənd rayonunun bir hissəsi isə hələ ki Qarabağdakı erməni separatçılarının nəzarətindədir.