Sabiq rəis və işçilərinin məhkəməsi gərgin başladı: Məbləğ açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Auditorlar Palatasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq
əməkdaşlarının məhkəməsi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
iclasda ilkin dinləmələr keçirilib.
İş üzrə müttəhim kürsüsündə Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi,
baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin
maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova
əyləşir.
Prosesin gedişində onlar tərəfindən mənimsənildiyi deyilən məbləğin miqdarı da
açıqlanıb. Bu rəqəm 700 min manatdır.
İlk iclasdan məlum olub ki, təqsirləndirilən şəxslər cinayət işinin
istintaqından narazı qalıblar.
V.Rəhimov və F.Novruzovanın vəkilləri digər müttəhim G.Əhmədovanı onların
əleyhinə ifadə verməkdə ittiham edib, cinayət işinin ibtidai istintaqa
qaytarılmasını istəyiblər: “Hesab edirik ki, bu iş üzrə ittiham bir nəfərin
ifadəsi üzərində qurulub. Gövhər Əhmədovanın ifadəsi ilə həm Vəli Rəhimova, həm
də Fəridə Novruzovaya əlbirlik ittihamı verilib. Əhmədova ifadəsində deyir ki,
o, Vəli Rəhimovun tapşırıqlarını yerinə yetirib. Amma bunu təsdiq edən nə bir
SMS, nə telefon zəngi, nə də şahid ifadəsi var. İstintaqda bank kartları ilə
bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb,
ya da baxmaq istəməyib. Orada Gövhər Əhmədovanın üç övladının bank kartlarından
bəhs olunur. Birinci övladı deyir ki, mənim xəbərim olmayıb, kartlardan pulları
anam çıxarıb. Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar
alınıb, restoranlarda hesab verilib. İkinci övladı mətbuatda işləyir. O da
deyib ki, xəbərim yoxdur, kartdan pulları anam çıxarıb. Amma çıxarışlardan
görünür ki, işlədiyi yerin binasındakı bankomatdan pul çıxarılıb. Bundan başqa,
üçüncü övladı da “xəbərim yoxdur” deyir. Amma özü banka gedib kartdan 18 min
manat pul çıxarıb. Hər kəs öz əməlinə görə mühakimə olunmalıdır”.
Müdafiə tərəfinin dediyinə görə, Palatada neqativ hallar daha çox pandemiya
dövrü və Vətən müharibəsindən sonraya təsadüf edib. Vəkillərin arqumentinə
əsasən, bu, ondan irəli gəlir ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub
və özü təxminən bir il işlərindən uzaqlaşmaq məcburiyyətində qalıb. Baş
verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ
halları aşkar edib, bu barədə rəhbərliyə məlumat verib. Bundan sonra komissiya
təşkil edilib, lakin ekspertiza keçirilməyib, araşdırma çox primitiv aparılıb.
Təqsirləndirilən Novruzovanın vəkili də vəsatətin təmin olunmasını istəyib.
Vəkil deyib ki, G.Əhmədovanın övladları da bu işdə iştirakçı olublar.
Müdafiəçi həmçinin ilkin istintaqda müvəkkilinin müdafiə hüquqlarının
pozulduğunu bildirib: “Fəridə Novruzovanı aldadıb sənədlərə qol çəkdiriblər,
yanında vəkil olmayıb. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və cinayət
işinə xitam verilməlidir”.
Rəhimov və Novruzovanın ittiham etdiyi Gövhər Əhmədovanın vəkili isə cinayət
işinin ibtidai istintaqa qaytarılmasına etiraz edib. Vəkil bildirib ki,
müvəkkilinin uşaqlarının ünvanına səsləndirilən fikirlərin heç bir əsası yoxdur.
Məhkəmə tərəflərin fikrini öyrəndikdən sonra qərarı elan edib. Qərara əsasən,
iş məhkəmə baxışına verilib.
Proses yanvarın 26-da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara
qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla
törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hər biri barəsində istintaq
dövrü müddəti üçün həbsə alternativ qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, Vəli Rəhimovun baş leytenant olan 1993-cü il
təvəllüdlü oğlu Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi
zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Füzulinin azad
olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə təltif edilib.