Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış
suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) boğulması ehtimal
edilən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi Fövqəladə Hallar
Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə
tədbirləri nəticəsində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş
Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun
çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və
digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.
15:01
Bakının Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində
batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri
tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.
Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN)
Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə
1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi FHN-in əməkdaşları
tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
14:26
Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, paytaxtın “Sabunçu keçidi” adlanan
ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.
Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.
Məhərrəm Əliyev