Sabunçuda narkoplantasiya aşkarlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin
(CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab
Manafov saxlanılıb. Ondan iki kiloqram narkotik vasitə marixuana aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi
Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib.
Onun üzərindən isə bir kiloqram marixuana aşkarlanıb.
K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması
istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər
paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanılması təmin
edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı
kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli
1500 ədəd çətənə kolu aşkarlanıb.
Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra
paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib. Aşkarlanan
faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir.