ed41fdee-39d2-4035-a826-4e86a77f45cb.jpg

Sadık Akyar: “Ermənistanın qırıcı alması güc balansını dəyişdirə bilməz” – ÖZƏL

Baxış sayı: 177 dəfə baxılıb.

Ermənistan Hindistandan “Su-30MKI” döyüş təyyarələri almaq üçün danışıqlara
başladı.

Cixisyolu.com-a məsələni şərh edən Türkiyə Silahlı Qüvvələrinin istefada olan
polkovniki, Şimali Kipr Girne Amerikan Universiteti Beynəlxalq münasibətlər
kafedrasının müdiri, GAU Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru,
təhlükəsizlik məsələləri üzrə ekspert Sadık Akyar Ukrayna müharibəsinə görə
Ermənistanın Rusiyaya sifariş verdiyi döyüş təyyarələrini əldə edə bilmədiyini
və Hindistana istiqamətləndiyini bildirdi:

“Ermənistan Quru Qoşunları kimi Hava Qüvvələrini də gücləndirməyə çalışır.
Bugünədək rəsmi İrəvan Fransa və Hindistanla həm müqavilələr imzaladı, həm də
bəzi silah sistemlərini əldə etdi. Ölkənin Hava Qüvvələrində olan dörd ədəd
“Su-30” (NATO kod adı ilə “Flanker”) COVİD-19 pandemiyasından əvvəl Rusiya
tərəfindən verilib. Amma sonra daha səkkiz ədəd döyüş təyyarəsi sifarişi
verildi. Ancaq Qarabağ müharibəsi və ardınca Ukrayna müharibəsinin başlaması
ilə “Suxoy” şirkəti Rusiyanın ehtiyaclarını göz önünə alaraq təyyarələri
Ermənistana vermədi və hələ də təbii olaraq bu davam edir. Daha əvvəl müxtəlif
raket sistemləri ilə bağlı Hindistanla görüşlər başlamışdı, indi isə “Su-30SM”
ilə bağlı görüşlər keçirilir. “Su-30SM” təyyarələri xüsusiyyətlərinə görə
Amerikanın “F-15″ təyyarələrinə yaxındır. Əlbəttə fərqli xüsusiyyətləri da var”.

Akyar Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər nəticəsində bölgədə HHM
sahəsində ən güclü dövlətə çevrildiyini və Ermənistanın bu səviyyəyə
çatacağının çox çətin olduğunu bildirdi:

“Ermənistanın bu cəhdlərinə qarşı Azərbaycan Hava Qüvvələrinin hazırkı
səviyyəsinə nəzər yetirdiyimiz zaman Bakı və İslamabad arasında bir müddət
əvvəl 1,6 milyard dollarlıq müqavilənin imzalanmasını xüsusi qeyd etməliyik.
Müqaviləyə görə Pakistan Azərbaycana 60-dan çox “JF-17 C Block 3” qırıcı
təyyarəsini tədarük edəcək. Bunlar Çin və Pakistanın ortaq istehsalı olmasına
baxmayaraq, avionikalarında Qərb sistemlərindən də istifadə edilir. Eyni
zamanda, burada Türkiyənin TUSAŞ və ASELSAN şirkətlərinin avionika
sistemlərinin istifadəsi haqqında müzakirələr də var. Bir də Türkiyədə
keçirilən “IDEF-2023” müdafiə sənayesi sərgisində Ankara və Bakı arasında
Azərbaycanın “Su-25” təyyarələrinin TUSAŞ tərəfindən modernizasiyası haqqında
müqavilə imzalandı. Bu da həmin təyyarələri daha da gücləndirəcək.

Bütün bunları nəzərə alsaq, görərik ki, Ermənistan Azərbaycanın mövcud
durumuna, gücünə və imzaladığı müqavilələrə görə neçə addım geridədir. Çünki
Azərbaycan “Su-25″ləri modernizasiya edir, digər tərəfdən Pakistandan təyyarə
təmin etməyə başladı və Türkiyənin üzərində işlərin davam etdirildiyi KAAN
döyüş təyyarəsinin proqram ortağıdır. Azərbaycanın bu məsələdə digər bir
üstünlüyü isə əlində həm Türkiyə, həm də İsraildən aldığı böyük miqdarda
silahlı və silahsız PUA-ların olmasıdır. İndi də Azərbaycan bunlarla ən güclü
hava gücünə sahibdir və üstünlüyünü qorumaqdadır”.

Söhrab İsmayıl


Source link