Sadıq Sadıqov: Cüdoçularımız yaponla düşəndə həyəcan keçirirlər

Sadıq Sadıqov: Cüdoçularımız yaponla düşəndə həyəcan keçirirlər

Baxış sayı: 2. 184 dəfə baxılıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov qurumun Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib. 

ÇıxışYolu.Com həmin brifinqi təqdim edir.

– Qarşıdan Bakıda keçiriləcək dünya çempionatı gəlir. Komandanın planları və hazırlıq durumu sizi qane edirmi və mundialda hədəf nədən ibarətdir?

– Dünya çempionatı bizim üçün böyük prioritet məsələlərdən biridir. Komanda təlim-məşq toplanışına start verib. Baş məşqçi tətbiq etdiyi cədvəllə idmançıların formalarını qoruyub-saxlamalarına çalışır. Komanda hazırda Qusardadır. Mən özüm də 1-2 gün öncə onların yanında oldum. Uşaqlarda əhval-ruhiyyə çox yüksəkdir. Dünya çempionatına ciddi hazırlaşırlar.

– Yeni baş məşqçi ilə, yəqin ki, söhbətiniz olub. Onun qarşısına hansı hədəfləri qoymusunuz?

– Hədəflər bəllidir. Bizim ən böyük hədəflərimiz Avropa, dünya çempionatları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır. Hər bir baş məşqçinin də məqsədi bu yarışlarda yüksək nəticələr əldə etməkdir. Ən böyük hədəfimiz bunlardır.

– Nə qədər medal qazanacağınızı müəyyənləşdirmisiniz?

– Cüdo dünyanın tanınmış və ən populyar idman növlərindən biridir. Dünya çempionatında 240 ölkənin komandası yeddi çəkidə iştirak edirsə, bu, yarışın nüfuzundan və səviyyəsindən xəbər verir.

Rio Olimpiadasında iki medal qazanmışdıqsa, ən azı bunu təkrarlamalıyıq. Qarşımıza belə məqsəd qoyulub. Yəqin ki, medalın sayının artması daha yaxşı olardı.

– Son yarışda azərbaycanlı cüdoçuların hələ də yaponiyalılarla bacarmadığı üzə çıxdı…

– Yaponlarla nəinki biz, heç kim bacarmır.

– Dünya çempionatına isə onların ən güclüləri gələcək. Bu, psixoloji problemdir?

– Əvvəla, Yaponiyada bu idman növü çox inkişaf edib. İkincisi, psixoloji durum da var. Bəzən görürsən ki, uşaqlar yaponiyalı cüdoçu ilə düşəndə həyəcan keçirirlər. 73 kq çəkidə Rüstəm Orucov və Hidayət Heydərov yapona uduzdu.

Biz də onları üstələmək üzərində çalışırıq. Onları yenməyin qaydası var. Bu, texniki-taktiki məsələdir. Uşaqlar toplanışda bunun üzərində çalışırlar ki, növbəti yarışlarda yaponiyalılar bizi asanlıqla məğlub edə bilməsin.

– Qadın cüdoçulardan monqolustanlı legionerlərin çıxışları sizi qane edir?

– Hələlik qane etmir. Nəzərə alaq ki, onlar hələ gəncdir. Olimpiadaya da vaxt var. Qadınlarla sırf 6-7 aydır işləməyə başlamışıq. Əvvəldən onlarla bağlı böyük problemlər var idi.

Olimpiadada 10 lisenziya qazanmağı nəzərdə tutmuşuqsa, istəyirik ki, bunun üçü qadınların payına düşsün. İnanıram ki, Tokioda üç qadın cüdoçumuz iştirak edəcək və onların biri medal qazanacaq. 

– Azərbaycanın 73 kq çəkidə iki güclü cüdoçusu var. Olimpiadaya isə biri gedə biləcək. Onlardan hansısa çəkisini dəyişə bilərmi?

– Həm Hidayət Heydərov, həm də Rüstəm Orucov dünya reytinqində yüksək pillələrdədir. Federasiya olaraq, onların işinə müdaxilə edə bilmərik. İkisi də özünü 73 kq-da görürsə və hansı güclüdürsə, digərini çıxarmalıdır.

Bu, onların arasında baş verən rəqabətdir və öz öhdələrinə buraxmışıq. Kim güclü olacaqsa, kimin çəkisi artıqdırsa və ya kimsə çəkisinə nəzarət edə bilməyəcəksə, daha yuxarı çəkidə mübarizə aparacaq.

– “Neftçi”nin sabiq prezidenti kimi, komandanın oyunlarını izləyirsiniz?

– Bir idman adamı olaraq bütün idman növlərini izləyirik. Dünən “Qarabağ”la oyunlarını da izlədim, ləzzət elədi. “Neftçi”nin də uğurları irəlidədir. Yeni prezident təyin olunub. O, Azərbaycan futbolunda öz sözünü demiş insanlardan biridir.

Yeni baş məşqçi Tərlan Əhmədov da bizim dönəmdə köməkçi kimi işləyirdi. İnanırıq ki, “Neftçi” uğurlarını davam etdirəcək. Əvvəl də demişdim ki, bu komandaya vaxt lazımdır. O vaxt artıq yetişib. Yəqin ki, komanda Avropa Liqasına düşmək üçün öz sözünü deyəcək.

– Qeyd etdiyiniz kimi, Tərlan Əhmədovla çalışmısınız. Kamran Quliyevə bu baxımdan nə məsləhət verə bilərdiniz?

– Heç kimə məsləhət verə bilmərəm. Ola bilsin ki, o, öz işini məndən də yaxşı bilir. Klub prezidentinə məsləhət vermək bizlik deyil. Biz yalnız arzu edə bilərik ki, “Neftçi” yenidən Avroliqanın qrup mərhələsində çıxış etsin və azarkeşləri, Azərbaycan xalqını yenidən sevindirsin.

– Sizin vaxtınızda baş məşqçi olmuş Böyükağa Hacıyevin səhhəti ilə maraqlanırsınızmı? Onun vəziyyəti necədir?

– Böyükağa müəllimlə maraqlanmamaq olarmı?! Onun durumu hazırda ağırdır. Xəstəliyi uzunmüddətli müalicəyə ehtiyacı olandır. Biz ona şəfa diləyirik. Onun oğulları ilə də tez-tez əlaqə saxlayırıq. İnşallah, sağalıb ayağa qalxar. 

– Yaxın zamanda milli komandaya bölgələrdən cüdoçular cəlb olunacaqmı?

– Bəli, gözlənilir. Qusar, Zaqataladan gələn idmançılar var ki, təkcə Azərbaycan daxilində deyil, Avropa, dünya səviyyəli yarışlarda da öz sözlərini deyirlər. Regionlarda apardığımız işlər cüdonun inkişafı ilə bağlıdır.

Elə yerlər var ki, oranı əsl cüdo regionu adlandırmaq olar. Orada da öz işimizi gücləndiririk ki, gələcəkdə milli komandamıza potensiallı uşaqlar verə bilək.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com