Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda
maraqlıdır” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qırğızıstan və Azərbaycanı qədim zamanlardan ümumi tarix, mədəniyyət və dil
faktorları ilə yanaşı, həm də qırğız və Azərbaycan xalqları arasında mövcud
olan dostluq və qardaşlıq əlaqələri birləşdirir”.
Bu sözləri APA-ya müsahibəsi zamanı Qırğız Respublikasının Prezidenti Sadır
Japarov deyib.
Həmin müsahibəni təqdim edirik:
– Cənab Prezident, məlum olduğu kimi, bu ilin yanvar ayında ölkələrimiz
arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü tamam olub,
1997-ci ildə isə iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaların
cəlb edilməsi haqqında razılıq əldə edilib. Ötən dövrün nəticələrini
ümumiləşdirsək, münasibətlərimizin hazırkı səviyyəsini necə qiymətləndirmək
olar?
– Bəli, yanvarın 19-da ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulmasından 31 il keçdi. Qırğızıstan və Azərbaycanı qədim zamanlardan ümumi
tarix, mədəniyyət və dil faktorları ilə yanaşı, həm də qırğız və Azərbaycan
xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri birləşdirir.
Müstəqillik dövründə ölkələrimizin bütün sahələrdəki mövcud əməkdaşlığı daha da
inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu əməkdaşlıq 20 aprel
2022-ci il tarixdə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında
Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ilə daha da möhkəmlənib.
Xüsusilə diqqət yetirilməlidir ki, qardaş Azərbaycana səfərim zamanı Prezident
İlham Əliyev ilə daha bir vacib addım ataraq, ölkələrimiz arasında daha dərin
strateji tərəfdaşlıq münasibətləri qurduq və müvafiq birgə bəyannamə imzaladıq.
Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrində qarşılıqlı ticari-iqtisadi
əməkdaşlığın sonrakı inkişafı və genişləndirilməsinə xüsusi diqqət yetiririk.
Burada isə ən böyük aktivlik eyni zamanda, investisiya mübadiləsində müşahidə
olunur. Mən xüsusilə 2022-ci ilin oktyabrında təsis olunan Azərbaycan-Qırğız
İnkişaf Fondunun fəaliyyətə başlamasını qeyd etmək istəyərdim. Əminəm ki, fond
prioritet və qarşılıqlı səmərə verəcək layihələrin maliyyələşdirilməsi yolu ilə
iki qardaş ölkənin xalqlarının çiçəklənməsinə xidmət edəcək. İnvestisiya
sahəsində əməkdaşlıq kontekstinə gəlincə, burada tərəflərin Qırğız
Respublikasında, İssık-Kul gölünün ətrafında beşulduzlu hotelin inşası üçün
Azərbaycandan sərmayə cəlb olunması ilə bağlı qərarını qeyd etmək istəyərdim.
Əminəm ki, hotelin tikintisi ölkələrimiz arasında investisiya sahəsində
əməkdaşlığa nümunə olacaq, bundan sonra isə digər investisiya layihələrinin
icrasına başlanılacaq.
– Son səfərinizdən öncə Siz ötən ilin noyabrında səfər etmisiniz. Həmin səfər
zamanı Prezident İlham Əliyevlə danışıqlar aparılıb, eyni zamanda, müxtəlif
səviyyələrdə görüşlər həyata keçirilib. Sizin fikrinizcə, dövlətlərarası
münasibətlərin istər siyasi, istərsə də iqtisadi nöqteyi-nəzərindən sonrakı
inkişafı üçün daha hansı perspektivlər mövcuddur?
– Bəli, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünə
qatılmaq üçün mən Bakıya işgüzar səfərə gələrək, burada Azərbaycan Prezidenti,
hörmətli İlham Əliyevlə danışıqlar aparmışdım. Biz o zaman ikitərəfli siyasi,
ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini
və Qırğız Respublikası ilə Azərbaycan arasında tərəfdaşlığın
genişləndirilməsinin sonrakı perspektivlərini müzakirə etdik. Eyni zamanda,
ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması ətrafında da
müzakirələr apardıq. Deməliyəm ki, onun hazırkı səviyyəsi istədiyimiz kimi
deyil, yəni mövcud potensiala cavab vermir. Bu kontekstdə Qırğız Respublikası
ilə Azərbaycan Respublikası arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın iki ölkə arasında ticari-iqtisadi
əməkdaşlığın inkişafındakı rolunu qeyd etmək vacibdir. Effektiv ticari-iqtisadi
əməkdaşlığın təmin olunması məqsədilə hər iki ölkənin müvafiq nazirlikləri
tərəfindən 2029-cu ilədək olan dövrü əhatə edən geniş Əməkdaşlıq Proqramı
hazırlanıb. Bu proqram özündə istər ticarət dövriyyəsinin artırılması və
nəqliyyat kommunikasiyalarının inkişafı, istərsə də maliyyə-bankçılıq,
mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini ehtiva
edir.
– Son illərdə Azərbaycan hərbi sənayenin inkişafı üçün çoxsaylı addımlar atıb.
Hətta İkinci Qarabağ müharibəsi dövründə yerli istehsal olan hərbi təyinatlı
məhsullar hərbi əməliyyatlarda aktiv şəkildə tətbiq olunub. Yuxarıda qeyd
etdiklərimizi nəzərə alaraq, Qırğız Respublikası Azərbaycanla hərbi sənaye
sahəsində əməkdaşlığa hansı istiqamətdə maraq göstərir?
– Qırğız Respublikası və Azərbaycan ənənəvi olaraq, Azərbaycanda
Respublikasındakı profil xarakterli tədris müəssisələrinin bazasında hərbi
kadrların hazırlanması istiqamətində əməkdaşlıq həyata keçirir. Tərəflər bundan
sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır. Bunun üçün isə
əməkdaşlığın bu istiqaməti üzrə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi
son dərəcə önəmlidir.
– Azərbaycan qlobal xarakterli siyasi proseslərin aktiv iştirakçısıdır. Bundan
əlavə, ölkəmiz müxtəlif faydalı qazıntılarla zəngindir. Ölkələrimiz arasında
energetika sahəsində əməkdaşlıq üçün hansı perspektivlər mövcuddur?
– Biz qardaş Azərbaycanın bu ilin noyabrında nüfuzlu qlobal tədbir olan
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu Sessiyasının keçirilməsi hüququnu əldə etməsindən çox şadıq. Azərbaycan
nəhəng tədbirlərin təşkilində böyük təcrübəyə malikdir və mən konfransın ən
yüksək səviyyədə keçiriləcəyinə şübhə etmirəm. Azərbaycanın eyni zamanda,
neft-qaz sənayesi sahəsində də zəngin təcrübəsi var. İkitərəfli münasibətlərin
inkişafının vacibliyini və energetika sahəsində investisiya layihələrinin
reallaşması üçün mövcud olan perspektivləri nəzərə alaraq, istər neft-qaz,
istərsə də energetika sahəsindəki əməkdaşlıq üzrə kəsişmə nöqtələrini yenidən
nəzərdən keçirməkdə maraqlıyıq.
– Hazırda müasir dünyada alternativ enerji resurslarından istifadənin
genişləndirilməsinə diqqət yetirilir. Qırğız Respublikasının bu sahədə
potensialı mövcuddurmu? Nəzərə alsaq ki, təbii enerji ehtiyatları tükənə bilər,
o zaman dövlətlər qarşısında elm, təhsil, yüksək texnologiyalar, kənd
təsərrüfatı, insan kapitalı ilə mübadilə və digər sahələrdə münasibətlərin
inkişafı məsələsi dayanır: Bu sahələr üzrə dövlətlərarası münasibətlər necə
inkişaf edir?
– Bildiyiniz kimi, Qırğızıstan hidroenergetika sahəsində əhəmiyyətli
potensiala malikdir. Bu əsnada ölkələrimiz hidroelektrik, eləcə də günəş və
külək enerjisi stansiyalarının layihələndirilməsi, müasirləşdirilməsi və
tikintisi, o cümlədən yaşıl iqtisadiyyat və bərpaolunan enerji mənbələri
sahələrində əməkdaşlıq edə bilər.
– Türkdilli dövlətlərin birləşməsi üçün daha çox səylərin göstərilməsi
istiqamətində müxtəlif fikirlər mövcuddur. Qırğız Respublikası bu kimi
təşəbbüslərin uğurla irəliləməsinə hansı töhfəni verə bilər?
– Biz beynəlxalq təşkilatlar çərçivəsində aktiv şəkildə əməkdaşlıq edirik.
Burada mən Türk Dövlətləri Təşkilatını xüsusilə qeyd etmək istəyirəm. Türk
icması çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq və buna
hazırıq. Bu ilin iyulunda Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək.
Növbəti sammit isə payızda Qırğızıstanda təşkil olunacaq. Əminəm ki, bu
tədbirlərin keçirilməsi nəticəsində həm Qırğızıstan, həm də digər iştirakçı
dövlətlər Türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində
əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək
imkanı əldə edəcəklər.
– Cənab Prezident, Siz Azərbaycan diasporunun Qırğızıstanın ictimai-siyasi
həyatında iştirakını necə qiymətləndirirsiniz?
– Çoxmillətli Qırğızıstanda 20 000-ə yaxın azərbaycanlı yaşayır. Təbii ki,
onlar da digər xalqların nümayəndələri kimi Qırğızıstanın ictimai-siyasi
həyatına cəlb ediliblər. Onlar həmçinin mədəni-humanitar və sahibkarlıq
fəaliyyəti ilə məşğul olur. Qırğızıstan Xalq Assambleyasının nəzdində ölkəmizdə
yaşayan azərbaycanlılara məxsus “Azəri” İctimai Birliyi fəaliyyət göstərir.
Əminəm ki, Assambleyanın tərkibindəki ictimai birliklərin fəaliyyəti
etnoslararası vəhdət, sülh və Qırğız xalqının həmrəyliyinə xidmət edəcək.