Şadlıq evində gənci bıçaqlayan şəxs: “Birlikdə rəqs edib, araq içdik, sonra…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda şadlıq evində adam bıçaqlamaqda təqsirləndirilən 2006-cı il təvəllüdlü
Polad Salmanovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravd.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda o, elan olunmuş ittiham üzrə
özünü qismən təqsirli bilib.
Polad Salmanov dindirilərkən deyib ki, bu il aprelin 26-da Binəqədi rayonu,
Binəqədi şosesində yerləşən şadlıq evlərindən birindəki toy məclisinə gedib.
Toyda yeyib-içən zaman spirtli içki qəbul edib. Daha sonra zərərçəkmiş 2005-ci
il təvəllüdlü Xəyal Hüseynov onu rəqsə dəvət edib. Orada onunla birlikdə rəqs
edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Xəyal onu özünün əyləşdiyi
masaya dəvət edib:
“Xəyal ilə eyni masa arxasına əyləşdim, yenə spirtli içki qəbul etdim. Bir
qədər sonra Xəyal məndən birlikdə siqaret almağa getməyi istədi. Onunla
birlikdə siqaret almaq üçün şadlıq sarayının yanında yerləşən mağazaya
yollandıq. Marketdə Xəyal mənə əl-qol atmağa başladı. Ondan 2-3 dəfə bunu
etməməsini xahiş etdim. Xəyal siqareti alaraq mağazanı tərk etdi. Şadlıq evinə
qayıdarkən Xəyal məndən 7-8 addım qabaqda gedirdi. Bu zaman tanımadığım 2 nəfər
məni saxlayaraq Xəyalın içkili vəziyyətdə olduğunu və ona fikir verməməyimi
bildirdi. Mən də Xəyalın dostum olduğunu həmin şəxslərə söylədim. Şadlıq
sarayına daxil olub, pilləkənlərlə qalxarkən Xəyal məni çölə dəvət etdi. Orada
o, əl-qol atdı, yəni yumruq zərbələri endirərək gözümü partlatdı. Sonra Xəyal
məni yerə yıxaraq döyməyə başladı. Ona toy məclisində olduğumuzu, dava salmağın
düzgün olmadığını bildirdim. Bundan sonra Xəyal məni təhqir etdi və ailəmin
ünvanına, eyni zamanda mənim ünvanıma nalayiq ifadələr səsləndirdi.
Baş verənlər mənə pis təsir etdi və nüfuzuma toxundu. Ona görə də yuxarı
çıxaraq foyedəki bardan meyvə bıçağını götürdüm və Xəyala yaxınlaşdım. Onu
bıçaqla toy zalının qapısının yanında duran zaman vurdum. Xəyala bıçaqla
zərbələri necə endirdiyimi xatırlamıram. Çünki həmin an spirtli içkinin
təsirində idim. Məqsədim Xəyalı qorxutmaq olub. Daha sonra endirdiyim bıçaq
zərbələrinin Xəyalın qoltuqaltı və sinə nahiyəsinə dəydiyini öyrəndim”.
Qeyd edək ki, hadisə bu il aprelin 26-da Binəqədi rayonu, Binəqədi şosesində
yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Spirtli içkinin təsiri
nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Polad
Vüqar oğlu Salmanov 2005-ci il təvəllüdlü Xəyal Səbuhi oğlu Hüseynova bıçaq
xəsarəti yetirərək restorandan qaçıb. O, Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən
sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə)
maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Polad Salmanov 6 il 6 ay
azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.