46da5a79-e967-4f6c-8ad2-8fa84e7a5d76..jpg

Şaffer: “Metsamor” AES-in istismarı təkcə region üçün deyil, Ermənistanın özü üçün də təhlükədir”

Baxış sayı: 600 dəfə baxılıb.

Şaffer: “Metsamor” AES-in istismarı təkcə region üçün deyil, Ermənistanın özü
üçün də təhlükədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar
müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin
cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin
həyatı və sağlamlığı üçün təhlükə yaradır”.

Bunu “Report”a “Naval postgraduate school”un (ABŞ) professoru, Amerika Siyasi
Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer bildirib.

“Ermənistanın paytaxtı İrəvan yaxınlığında yerləşən “Metsamor” AES-in
istismarı radiasiya təhlükəsizliyi, ekoloji problemlər və insan sağlamlığı üçün
potensial təhlükələr yaradır.

Türkiyə, Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatlar uzun müddətdir, bu
atom elektrik stansiyasının bağlanmasını istəyirlər.

Bununla belə, 2024-cü ilin martında Ermənistanın baş naziri Nikol Paşinyan
“Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa
çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb.

“İrəvandan cəmi 35 km aralıda yerləşən “Metsamor”da “Çernobıl” kimi qoruyucu
qat yoxdur. Beləliklə, Çernobılda olduğu kimi, bu AES-də baş verə biləcək qəza
asanlıqla irimiqyaslı çirklənməyə səbəb ola bilər. Təəccüblüdür ki,
Ermənistanın özündə bu təhlükəli müəssisəni bağlamağa çağıran vətəndaşlar və
təşkilatlar azdır”, – professor vurğulayıb.

Şaffer xatırladıb ki, İrəvan Aİ ilə bütün tərəfdaşlıq sazişlərində atom
stansiyasını bağlamağa hazır olduğunu bildirib, hətta bunun üçün vəsait də
alıb, amma verdiyi vədləri yerinə yetirməyib.

“Aİ-nin ali nümayəndəsi Jozep Borrel 2024-cü ilin fevralında Ermənistanın
xarici işlər naziri Mirzoyan ilə görüşü zamanı Aİ-nin Ermənistana stansiyanı
bağlamağa kömək etməyə hazır olduğunu bəyan edib. Aİ ölkələrinin qonşuluqda çox
təhlükəli nüvə reaktorları hələ də işlədiyi halda Avropada müasir və yaxşı
işləyən atom elektrik stansiyalarını bağlamasının nə mənası var onda?!” – o
əlavə edib.

B.Şaffer Paşinyanın Ermənistanın AES-ə malik olmasının ölkənin suverenliyini
simvolizə etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Ermənistanın
AES-ə texniki qulluq və yanacaq təchizatında 100 faiz Rusiya “Rosatom”undan
asılı olduğunu nəzərə alsaq, bu, zarafat kimi gəlir. Burada istehsal olunan
elektrik enerjisinin paylandığı elektrik şəbəkələri də Rusiyaya məxsusdur”.

Onun sözlərinə görə, son vaxtlar Ermənistan Rusiyadan asılılığını azaltmaq və
Qərblə geniş əməkdaşlığı təmin etmək istəyindən danışır.

“Metsamor” AES-in gücünün artırılması, əksinə, bu asılılığı daha da artıracaq.
Vaşinqton və Brüssel Ermənistana Qərblə əlaqələrini dərinləşdirməyə kömək
etməkdə ciddidirlərsə, onlar Moskvanın Ermənistanın strateji infrastrukturu, o
cümlədən, bütün enerji infrastrukturu üzərində nəzarətinə son qoymağın yolunu
tapmalıdırlar”, – o vurğulayıb.

Professor hesab edir ki, Ermənistan da enerji ehtiyacını daha təhlükəsiz
mənbələr hesabına ödəyə bilər, xüsusən də atom elektrik stansiyasının
məhsulunun yarısının İrana ixrac olunduğunu nəzərə alsaq, ölkənin adambaşına
düşən ehtiyacı isə sənayenin kiçik həcmlərinə görə çox azdır”.

Source link