b0d5687a-32ab-486a-896e-58f0f4ed629e..jpg

“Şagirdə zəng edirsən, atası deyir, qızıma elçi gələcək, nömrəni sil” – “KASPİ”nin MÜSAHİBƏSİ + FOTO

Baxış sayı: 487 dəfə baxılıb.

“Şagirdə zəng edirsən, atası deyir, qızıma elçi gələcək, nömrəni sil” –
“KASPİ”nin MÜSAHİBƏSİ + FOTO

Niderlandda müəllim işləyən azərbaycanlı Rasim Mollayev: “Dərs keçən vaxt
özümü konsertdə müğənni kimi hiss edirəm. Təsəvvür edin, sinifdə qarşında ən az
20 nəfər tələbə səni dinləyir və çıxış edirsən. Elə performans göstərməliyəm
ki, o şagirdlərin yadından uzun müddət çıxmasın”.

Əzmkarlığı, iddiası, özünəgüvəni onu daim irəli aparıb. İşə qəbul üçün
göndərdiyi elanlardan 191 dəfə rədd cavabı alsa da, yolundan dönməyib. Nəhayət,
tələbə vaxtı qarşısına qoyduğu məqsədinə çatıb və karyerasını arzuladığı
mühitdə davam etdirib. Hətta 191 dəfə rədd cavabı aldığı ölkədə rəhbər vəzifəyə
qədər yüksəlib.

“Kaspi ” qəzetinin
müsahibi Niderlandda Haaqa Tətbiqi Elmlər Universitetində Beynəlxalq biznes
proqramında müəllim işləyən azərbaycanlı Rasim Mollayevdir. Həmsöhbətimiz həm
də Beynəlxalq biznes fakültəsinin birinci kurslarının və həmin universitetdə
İnformasiyanın idarə olunması fənninin elmi metodik rəhbəridir.

Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini ADA
Universitetində İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi ixtisası
üzrə davam etdirib. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetində
biznesin idarə edilməsi üzrə magistr təhsili alıb. Daha sonra təhsil aldığı
universitetlərdə və özəl kurslarda müəllim kimi çalışıb.

“Uşaqların həyatlarını dəyişdiyimi fərq etdim”

– Rasim bəy, ilk müəllimlik təcrübəniz 1-ci kursda olub. Müəllim olmağa o
zaman qərar verdiniz, yoxsa əvvəldən planınızda var idi?

– Əvvəldən planlaşdırmamışdım. Hətta uşaq vaxtı deyirdim ki, yaxşı ki, 3-cü
qrupu seçməmişəm, yoxsa müəllim olardım. Birinci kursda oxuyanda ADA ilə Təhsil
Nazirliyinin layihəsi var idi. Professor Fuad Hacıyev İT üzrə bilikləri
artırmaq və şagirdlərdə İT-yə maraq yaratmaq üçün bizi məktəblərə göndərirdi.
Öyrəndiklərimizi şagirdlərə öyrədirdik. Yadımdadır, ilk dərsdə sinifdə 3-4
şagird var idi. İkinci dərsdə isə artıq 20 şagirdə müəllimlik edirdim. Bu
peşəyə maraq da məhz o zaman yarandı. Çünki orada bir neçə şagird var idi ki,
dərslərimdən sonra informatika olimpiadalarında yer tutdu. Digər şagirdim isə
dedi ki, “Tam başqa sahədə təhsil almağı planlaşdırırdım, indi İT təhsili almaq
istəyirəm”. Uşaqların həyatlarını dəyişdiyimi fərq etdim. Bu, müəllim sənətini
sevməyə kifayət edirdi.

– Bu peşə ilə insanların həyatına toxuna bilmək cəlbedici idi?

– Bəli. Şagirdin yadında qalmaq, gələcək həyatında ona müsbət mənada təsir edə
bilmək cəlbedicidir. Bəlkə də eqoist səslənir, amma bu, mənə motivasiya
verirdi. Mən dərs keçən vaxt özümü konsertdə müğənni kimi hiss edirəm. Təsəvvür
edin, sinifdə qarşında ən az 20 nəfər tələbə səni dinləyir və çıxış edirsən.
Elə performans göstərməliyəm ki, o şagirdlərin yadından uzun müddət çıxmasın.
Hər detala fikir verirəm ki, tələbələr dərsi “vao” hissi ilə bitirsinlər.

“Bu ixtisasa sevərək gələnlər azdır”

– Sənətinizin vurğunusunuz. Bir neçə il bundan öncəyə qədər müəllimlik
sənətinin əhəmiyyəti dərk edilmir, daha az bal topladıqları, yaxud “qız sənəti”
kimi düşündükləri üçün bu sahəyə üz tuturdular. Nə üçün bu peşəyə sevərək
yiyələnənlər azdır?

– Təəssüf ki, müəllimliklə bağlı belə fikirlər mövcuddur. Amma hazırda bu
peşənin prestijini artırmaq üçün modellər tətbiq edilir. Məsələn, Pedaqoji
Universitetlə Amerikanın Corc Vaşinqton Universitetinin birlikdə layihəsi var.
Yəni orada təhsil alan müəllimlər iki diploma sahib ola bilirlər. Qazaxda
Müəllimlər Seminariyası açıldı. Dövlət müəllimliyin prestijini qaldırmaq üçün
maksimum dərəcədə çalışır. Lakin insanların düşüncəsində bunu dəyişmək vaxt
aparır. “Qadınsansa, müəllim olmalısan” kimi stereotiplərimiz hələ də var. Bu
ixtisasa sevərək gələnlər azdır, çünki orta məktəblərdə gördükləri bu sənətə
dırnaqarası baxdırır. Səbəb odur ki, məktəblərin də əksəriyyətində sevərək,
sənətini layiqincə təmsil edənlər azdır. Mən məktəbdən universitetə gələndə,
sanki başqa dünyaya düşmüşdüm. Müəllimlər tam fərqli idi. Düzdür, orta məktəbdə
də çox yaxşı müəllimlərim olub, amma bu rəqəm az idi. Belə müəllimlər çox olsa,
bu peşəyə də sevgi, maraq çoxalacaq. Əgər şagird 9-cu sinifdən sonra repetitor
yanına gedir, məktəbə gəlmək istəmirsə, bu peşənin əhəmiyyətini necə dərk etsin?

“Müəllimi menecer kimi düşünə bilərik”

– Bəs sizcə, əsl müəllimlik nədir? Müəllimdə hansı keyfiyyətlər mütləq
olmalıdır?

– Məncə, müəllimi menecer kimi düşünə bilərik. Sinfində olan tələbələri isə
onun işçiləridir. Müəllim şagirdlərin qarşısına “Bu gün bunları etməlisən” kimi
şərtlər qoysa, bu, müdirlikdir. Bu işi görmək üçün motivasiya verib, onda inam
yaratsa, bu, liderlikdir. Müəllim müdir yox, lider olmalıdır. Müəllimdə olan
keyfiyyətlərə gəldikdə isə, ən əsası həssas olmalıdır. Yəni siz şagirdin nə
düşündüyünü anlamalısınız. Həssas olmayan insan müəllim ola bilməz. Həmçinin,
empatiya hissin olmalıdır. Türk professor deyir ki, tələbənin, yaxud şagirdin
ürəyinə girmədən beyninə girmək mümkün deyil. Əgər o, sizi sevmirsə, dərsdə
oturacaq və sizi dinləməyəcək. Fənni sevsə belə, sizi sevmirsə, öyrənə
bilməyəcək. Əsl müəllim tələbələrə özünü sevdirməyi bacarmalıdır. Dərs demək
üçün lazım olan digər nüansları öyrənmək mümkündür. Çox adam deyir ki, müəllim
mütləq tədris etdiyi sahənin alimi olmalıdır. Xeyr. Həssaslıq və empatiya
müəllimin alim olmasından önəmlidir. Həmin ilin proqramını bilməsi kifayətdir.
Məktəb müəllimi professor deyil. Professor universitetdə olur. Anatomiya dərsi
deyirsə, o demək deyil ki, bu adam həyatını Tibb Universitetində
laboratoriyalarda keçirib. O, sadəcə universitetdə biologiyanı öyrənib. Amma
sənə fənni sevdirməklə araşdırmağa həvəs yarada bilər. Yəni, müəllim də nəyisə
bilməyə, öyrənə bilər. Amma bəzi xüsusiyyətlər var ki, onlar çox vacibdir və
üzərində işlənilməlidir.

“Heç bir müəllimin buna haqqı yoxdur”

– Şagird olduğunuz dövrlərdə müəllimlərinizin hansı xüsusiyyəti var ki, onu bu
gün tətbiq edirsiniz, yaxud hansını heç vaxt tətbiq etməzsiniz?

– Yuxarıda saydığım nüanslar həyat tərzimə çevrilib. Dərsə başlayanda
düşünürəm ki, ən azından tələbələrin 80 faizi məni sevməlidir. Heç vaxt
etməyəcəyim məsələyə gəldikdə isə, son vaxtlar sosial mediada qarşıma
müəllim-şagird konfliktləri çıxır. Söyüş, şiddət – videolarda hər şey var.
Sözsüz ki, bunu da araşdırsaq, görərik ki, tələbə müəllimi sevmir və dərsi
pozmaq üçün əlindən gələn edir. Digər tərəfdən, Azərbaycanda müəllimlər və
valideynlər arasında sovet dövründən qalan bəzi xüsusiyyətlər var. Onlardan ən
çox yayılanı “Müəllim şagirdi döyə bilər” kimi fikirlərdir. Bununla razı
deyiləm. Tələbənin, yaxud şagirdin yoldaşlarının yanında istər dərslə, istərsə
də davranışla bağlı ayağa qaldırılıb, utanc obyektinə çevrilməsini heç vaxt
etmərəm. Xoşbəxtlikdən şagird olanda başıma gəlməyib, amma sinif yoldaşlarımda
görmüşəm. Təbii ki, şagirdlərlə problemi həll etmənin alternativ yolları var.
Dərsdən sonra həmin uşaqla tək qalırsınız və fərdi olaraq danışırsınız.
Problemin nə olduğu, ona necə kömək edəcəyinizlə maraqlanırsınız. Camaatın
içində uşağı çıxarıb alçaltmaq düzgün deyil. Sizin qarşınızdakı böyüyən
şəxsiyyətdir. Heç bir müəllimin şagirdin psixologiyasını korlamağa haqqı
yoxdur. Əminəm ki, Azərbaycanda dövlət məktəblərində təhsil alanların 99 faizi
bununla rastlaşıb.

– Rasim bəy, nə üçün Niderlanda getməyə qərar verdiniz?

– Müəllimlərimin əksəriyyətinin Niderlandda ya magistr, ya doktorantura
təhsili var idi. Buranın universitetləri dünyanın top universitetləri
sırasındadır. Çalışdığım yer reputasiyasına görə ən ideal universitetlərdən
biridir. Tələbə vaxtı Niderlandı görüb, sevmişdim. O zaman qərar verdim ki,
buraya mütləq gələcəyəm. Azərbaycanda müəllim üçün nə lazımdırsa, bütün
pillələrdə işlədim. Növbəti pillə Niderland idi. Hazırda buradakı təcrübəni
öyrənirəm.

“Problemimiz özümüzü kəşf etməməkdir”

– Bəzi insanlar düşünürlər ki, inkişaf etmiş ölkələrdə olan tələbələr
öyrənməyə daha çox meyillidirlər. Niderland tələbələri ilə azərbaycanlı
tələbələrin fərqi nədir?

– Bizim tələbələr çalışqanlıq baxımından buradakı tələbələrlə eyni, hətta bir
çox hallarda üstündürlər. Tək fərq odur ki, burada olan tələbələr seçimlərini
istəyərək və sevərək ediblər. Burada davamiyyət anlayışı yoxdur. Siz
Azərbaycanda universitetdə bunun olmamağını təsəvvür edirsiniz? Heç kim dərsə
gəlməyəcək. Burada isə, əksinə, sinfimdə oturmağa yer olmur, əlavə stul
gətirirlər. Çünki tələbələr nəyi nə üçün seçdiklərini bilirlər. Bunun üçün də
öz peşələrində uğurlu olurlar. Nə bacarığımızda problem var, nə ağlımızda, nə
də dünyagörüşümüzdə. ABŞ-də ölkələrini xəritədə göstərə bilməyən tələbələr var.
Bizim tələbələr, hətta bağçada uşaqlar belə, ABŞ-ni də göstərir, ətrafındakı
adaları da. Bizim problemimiz özümüzü kəşf etməməkdir. Gələcəyi arzulamaq
anlayışımız da yoxdur. Əksəriyyətinin məqsədi hansı ixtisasın olmasından fərqli
olmayaraq diplom almaqdır.

– Nə üçün belədir?

– Biz peşə seçimini 17 yaşında edirik. Düşünürəm ki, bu yaşda düzgün qərar
vermək mümkün deyil. Çünki insan hələ özünü tanımır. Problem odur ki, biz
dəyişiklik etməkdə də çətinlik çəkirik. Məsələn, özümüzü burada tapmırıqsa,
dəyişmir, qismət deyib razılaşırıq. Öyrənməyin yaşı yoxdur. Niderlandda elə
vaxt olub ki, müəllim olaraq auditoriyada ən gənci mən olmuşam. Onlar bakalavr
oxumağa 35 yaşda gəliblər. İkinci məsələ, valideyn müdaxiləsidir. Mən kursda
işləyəndə, şagirdlərə bacarıqlar, imtahanlarla bağlı zəng edir, onları
seminarlara dəvət edirdik. Ana olurdu ki, telefonda mənə deyirdi ki, “Qızım
keydir, o heç nə öyrənə bilməz, məni yormayın”. Valideynin öz övladına inamı
yoxdursa, bunu dəyişmək çətindir. Ata olub ki, sınaq nəticələrini bildirmək
üçün zəng etmişik, deyib ki, “Sən kimsən qızıma zəng edirsən, nömrəsini sil,
qızıma sabah-biri gün elçi gələcək, nə kurs?” Savadlılıq cəhətdən qonşuluqdakı
bütün ölkələrdən üstünük, amma stereotiplər bizə inkişaf etməyə imkan vermir.
Ailələr uşaqlarının yerinə qərar verir, onlara inanmır və başqa istiqamətlərə
yönəldirlər. Bəzi uşaqlar isə şanslı ailələrdə doğulublar və nəticələri də göz
qabağındadır.

“Tələbə də müəllimi öyrənməyə məcbur edir”

– Rasim bəy, müəllimlik fəaliyyətinizdə daim öyrətmisiniz. Bəs
tələbələrinizdən nə öyrənmisiniz?

– Zaman keçdikcə, müəllimlik anlayışı dəyişir. Bəzi insanlar düşünür ki, bir
semestrdə 15 mövzu var, müəllim əzbərləyir, öyrədir və bu, çox asandır. İndi
tələbəyə 15 mövzu verməyə ehtiyac yoxdur. Çünki artıq o mövzuların hər növünü
internetdə tapmaq mümkündür. Müəllimin əsas vəzifəsi bunu tələbəyə
çatdırmaqdır. Hər tələbə yeni təcrübədir. Siz kiməsə 2+2-nin 4 etdiyini izah
edirsiniz, amma digəri anlamır. Ona da fərqli yolla izah etməlisiniz. Yaxud
başqa tələbə deyir ki, mən 4 olması ilə razı deyiləm, sübut et. Bunun üçün daha
çox araşdırırsan ki, isbat edəsən. Tələbə də müəllimi öyrənməyə məcbur edir.
Mən bütün tələbələrimdən öyrənmişəm. Dəfələrlə olub ki, verdikləri suala cavab
vermək üçün çox uzun araşdırmalar etmişəm. Elə tələbə olub ki, ailəsi ilə bağlı
çətin anlardan keçib, həmin vaxt psixoloqluq etməyə çalışmışam. Bəzilərinə
öyrətməyin fərqli yolunu kəşf etmişəm. Bu müddətdə daim özüm də öyrənmişəm.

– Sizin haqqınızda həmişə iddialı uşaq olub deyirlər. Bu xarakteriniz
karyeranızda tramplin olubmu?

– Əgər nəyisə istəyirəmsə, onu əldə etmək üçün çox çalışıram. Alınmasa belə,
vicdanım rahat olur ki, çalışdım, alınmadı. Valideynlərim deyir ki, 3 yaşımda
Füzulinin “məni candan usandırdı” qəzəlini əvvəldən axıra kimi deyirdim. Tez
danışmaq, öyrənməyə çalışmaq, özümü sübut etmək iddialı olmaqdan irəli gəlib.
Məsələn, 1-ci kursda dedim ki, Niderlanda köçməliyəm və müəllim olmalıyam. Bura
gəlməyi o qədər beynimə qoymuşdum ki, indi maillərimə baxıram, 1 il ərzində 191
dəfə rədd cavabı almışam. Bu, məni yolumdan döndərmədi. İndi isə burada tək
müəllim deyiləm. 1 il ərzində beynəlxalq biznes fakültəsinin birinci
kurslarının rəhbəri, informasiyanın idarə olunması dərsinin də elmi, metodik
rəhbəri olmağa nail oldum. Ona görə deyirəm ki, Azərbaycan insanı çox
fərqlidir. Gördüyümüz çətinliklər bizi əzmkar olmağa öyrədib. Bizim insanımız
daha çox uğur qazanmağa meyillidir. Yəni bizə bir qapı açıldısa, digərlərini
özümüz aça-aça gedirik. Niderlandda və demək olar dünyanın bütün inkişaf etmiş
ölkələrində hər universitetdə, hər top şirkətdə ən azı bir azərbaycanlı
işləyir. Bu, bizim xalqın necə savadlı, hər yerdə uğur qazanan olmasının
sübutudur.

Source link