Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını qoyan Əzizə Cəfərzadənin doğum
günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanınmış yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru,
professorƏzizə Məmməd qızı Cəfərzadənin doğum günüdür. Yaşasaydı, bu gün 102
yaşını qeyd edəcəkdi.
Cixisyolu.com ictimai xadimin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Xatırladaq ki, Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı
şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr
texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, 1942-1944-cü
illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə
ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
bitirib. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki
məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra
müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-1974-cü
illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi,
şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru
vəzifələrində çalışıb. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin
bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan
ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə
“XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq
dissertasiyaları müdafiə edib.
Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci
ildə “Ədəbiyyat” qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib,
lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub
yandırılıb. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O,
müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib. Onun
“Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984),
“Xəyalım mənim” (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan
götürülüb. “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim”
(1988), “Pişik dili” (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap
etdirib ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972),
“Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq
qadınları” (II nəşr, 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani.
Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan
bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayıb çap etdirdiyi əsərlərin əsas
hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma
romanlarından az şöhrət gətirməyib. Bu kitablar vasitəsilə o, qədim dövrlərdən
Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının
mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut edib. Bu əsərlərlə
yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri
dövrü mətbuatda çap edilib.
Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələri, eləcə də Şah
İsmayıl Xətainin şəxsiyyətini, sərkərdəliyini ön plana çıxardığı “Bakı-1501”
(1971) romanı Əzizə Cəfərzadənin yaradıcılığında xüsusi yer tutur. Əslində, Şah
İsmayıl Xətai mövzusuna dönüşün əsasının Əzizə Cəfərzadənin bu əsəri ilə
qoyulduğunu demək olar. Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və
mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilib.
O, “Natəvan” adlı kinossenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat
və saysız hesabsız bayatı yazıb. Əzizə xanım folklorun vurğunu idi, “Bayatı
düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri,
etnoqrafiyası ilə bağlı yazıları, televiziya – radioda çıxışları onu xalqın
sevimlisi edib. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr,
Hindistan, Sinqapur, Malayziya, İsrail, İraq və Türkiyədə beynəlxalq
əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından
tarixi əsərlərlə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır.
Bunlardan birində 1965 – 1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya
səfərinin gündəlikləri “Qızıl sahilə səyahət” (1968) xatiratını yazmasıdır.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən
ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşub və vəsiyyətinə əsasən,
Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları
ilə bir məzarlıqda dəfn edilib.