Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm.
ÇıxışYolu.Com xəbər verir ki, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son günlər ətrafında gedən müzakirələrlə bağlı yazdığı növbəti “Facebook” statusunda bildirib.
Şahmatçı dünən yazdığı statusuna siyasi rəy verilməsindən təəssüfləndiyini bildirib:
“Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəm.
Məsələyə aydınlıq gətirmək üçün bildirmək istəyirəm ki, son beş il ərzində aidiyyəti qurumlar tərəfindən yalnız iddiaçılar turniri üçün maliyyə dəstəyi almışam. Bu məbləğ isə yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir.
Həmçinin milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi hesabına maliyyələşir.
Ümumi il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm”.
Məmmədyarovun sözlərinə görə, onun şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib ödəmək və s. xərcləri öz hesabıma ödədiyi üçün məcbur olub çox sayda turnirlərə qatılır:
“Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır”.
Şahmatçı həmçinin dövlətin ona göstərdiyi qayğı barədə fikirlərini bölüşüb:
“Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm.
Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq üçün və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var”.
Məmmədyarovun sözlərinə görə, onunla bərabər turnirdə mübarizə aparan və daha aşağı reytinqi olan şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlar tərəfindən dəstək alırlar, “mən isə burada öz və komandamın yeməyini belə öz hesabıma ödəyirəm”.
“Heç bir halda mənim bu fikirlərimin hansısa maddi qazanc məqsədi daşıdığını düşünməyin. Hər bir peşəkar idmançı kimi mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram.
Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində 20-liyə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağdakı tərkibdə komandanın olması vacibdir: menecer, iki məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplantılarının keçirilməsi üçün güclü sparrinq-tərəfdaşlar. Bu tərkibdə komandanın saxlanılması isə, sözsüz ki, külli-miqdarda vəsait tələb edir.
Biz dəfələrlə sponsorluq üçün şirkətlərə müraciət etmişik (son dəfə altı il qabaq olub), lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim və bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır.
Sonda Amerikada oynadığım turnirlərdə mənə dəstək olan hər kəsə təşəkkürlər, bu turnirdə reytinqi biraz da qaldırdım və doqquz oyunda məğlub olmadım! Çox sağ olun”, – deyə şahmatçı yazıb.