“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempion olub I Liqaya yüksəlməkdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hədəfimiz çempion olub I Liqaya yüksəlməkdir”.
Bunu “Report”a açıqlamasında “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev II
Liqada XV tur çərçivəsində lider “Sportinq Baku”ya qarşı matç (1:1) barədə
danışarkən deyib.
34 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra keçirilən ilk görüşü
dəyərləndirib:
“Çempionatın liderinə qarşı oynayırdıq. Qələbə qazanıb xal fərqini azaltmaq
istəyirdik. Oyuna pis başlamamışdıq. İlk hissəni 1:0 hesabı ilə öndə başa
vurduq. Ancaq ikinci hissədə qol buraxdıq və görüş heç-heçə nəticələndi.
Əslində, pis nəticə deyil. Hər şey bununla bitmir. Qarşıda daha yaxşı nəticələr
qazanacağıq”.
Azərbaycan millisinin sabiq futbolçusu komandanın hədəflərindən danışıb:
“Məqsədimiz çempionluqdur. II Liqanın lideri ilə xal fərqi bir qədər çoxdur.
Düşünürəm ki, bunu aradan qaldıracağıq. Bunun üçün gücümüz var. Sona qədər
vuruşacağıq. Çempion olmaq istəyirik”.
R.Əmirquliyev “Şahdağ Qusar”ın hazırkı durumu barədə fikirlərini bölüşüb:
“Mənim nəsə deməyim düzgün olmaz. Bu barədə rəhbərlik daha dəqiq danışa bilər.
Yaxşı komandamız var. Fasilədən sonra heyətə yeni oyunçular qoşulub. Onlar
komandaya uyğunlaşmalıdırlar. Çempion olmaq üçün komandamızda hər şey var. Bunu
meydanda göstərmək lazımdır”.
Qeyd edək ki, 15 turdan sonra hesabında 31 xal olan “Şahdağ Qusar” hazırda
4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 38 xalla “Sportinq Baku” başçılıq
edir.