6c3b4833-693c-47d6-9975-c13e43a8aaa2..jpg

Sahibə Qafarova: “Azərbaycan Ermənistanla sülhə hazırdır” – FOTO

Baxış sayı: 517 dəfə baxılıb.

Sahibə Qafarova: “Azərbaycan Ermənistanla sülhə hazırdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu
ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə
görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat
yayıb.

Deputatlar Palatasının sədri Azərbaycan parlamentinin spikerinin səfərindən
məmnunluğunu ifadə edərək, qanunverici orqanlarımız arasında yalnız spikerlər
səviyyəsində deyil, komitələr, dostluq qrupları səviyyəsində də əməkdaşlığın
önəmini vurğulayıb. Həmçinin parlamentlərimizin beynəlxalq təşkilatlar
çərçivəsində də qarşılıqlı əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır. O
cümlədən, Azərbaycanın Çexiyanın ikinci neft tədarükçüsü olduğu vurğulanıb.
Əlaqələrin enerji, ticarət, iqtisadiyyat sahələrində inkişafı üçün yaxşı
imkanların olduğu qeyd edilərək bildirilib ki, tərəflər arasında bərpa olunan
enerji sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir.

Görüşdə, həmçinin bu il ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin tamam olduğu, ötən dövr ərzində dövlətlərarası
münasibətlərin inkişaf etdiyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında ikitərəfli
münasibətlərin inkişafında siyasi təmasların, o cümlədən yüksəksəviyyəli
səfərlərin, görüşlərin müstəsna rolunu qeyd edib.

Milli Məclisin sədri ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət
təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin
önəminə toxunaraq, deyib ki, iki ölkənin parlamentləri olaraq, əməkdaşlığı daha
da inkişaf etdirmək, həmçinin parlamentlərarası təşkilatlarda bir-birimizi
dəstəkləmək üçün qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi vacibdir. O bu
mənada parlamentlərimiz arasında körpü rolunu oynayan dostluq qruplarının birgə
fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən spiker
Sahibə Qafarova, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən
işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon
azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş
ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və
dini abidələrin dağıdılması haqqında danışıb.

Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini
və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını
bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına
baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana
beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək,
regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərib.

O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə
götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror
tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi
məlumatlandırıb. Spikerin sözlərinə görə, bu tədbirlər beynəlxalq hüquq
normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmayıb. Sahibə
Qafarova, həmçinin Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi
maneələri də vurğulayıb. O, bir daha bəzi dairələr Azərbaycanı etnik
təmizləmədə ittiham etsələr də, bu ittihamları təsdiq edəcək bir dənə də faktın
olmadığını, regiona səfər edən BMT missiyalarının da bunu təsdiqlədiyini
bildirib.

Azərbaycanın regionda daimi sülhün təmin olunmasını istədiyini deyən Sahibə
Qafarova, bir daha diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında
sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır.

Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh
danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının
önəmini ifadə edib.

Sonra Milli Məclisin sədri xatirə kitabını imzalayıb.

Görüşdən sonra Azərbaycan parlamenti rəhbərinin Çex Parlamentinin Deputatlar
Palatası tərəfindən salamlanması mərasimi olub.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Deputatlar Palatasının
inzibati binası ilə tanış olublar.

Source link