4b2bc5f9-99c9-43c8-8f38-9563416fec33..jpg

Sahibə Qafarova Budapeşt Demoqrafik Sammitində Xocalı soyqırımından danışdı – FOTO

Baxış sayı: 582 dəfə baxılıb.

Sahibə Qafarova Budapeşt Demoqrafik Sammitində Xocalı soyqırımından danışdı –
FOTO

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstanda keçirilən
5-ci Budapeşt Demoqrafik Sammitində çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata
görə, “Ailə təhlükəsizliyin açarıdır” mövzusunda keçirilən müzakirələrdə çıxışı
zamanı spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan cəmiyyəti ənənəvi və
ailə dəyərlərinə söykəndiyi üçün cəmiyyətimizin inkişafında ailənin əvəzsiz
rolu var.

Ölkə Konstitusiyası ailənin mahiyyətini müəyyən edir, ailəni, nikahı və
uşaqları dövlətin himayəsi altına alır. 1999-cu ildə qəbul edilmiş Ailə
Məcəlləsi ailə üzvlərinin hüquq və vəzifələrini müəyyən edir. Digər qanunlar, o
cümlədən gender bərabərliyi, uşaq hüquqları, məişət zorakılığının qarşısının
alınması haqqında qanunlar ailə münasibətlərini tənzimləyir. Qanun
layihələrinin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesi Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsi ilə bu məsələlər üzrə məsul dövlət
orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında sıx
əlaqələndirmə yolu ilə həyata keçirilir.

İşğal və müharibələrin ailələr üzərində ən çox qalıcı təsirə malik olduğunu
deyən Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu mənada, erməni işğalı
ailələrimizin mövcudluğuna dağıdıcı təsir göstərib. On iki mindən çox insan bu
işğalın qurbanı olub. Ermənistanın 1992-ci ilin fevralında Azərbaycanın Xocalı
şəhərində törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib. Yüz
əllidən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 613 mülki
şəxs qətlə yetirilib. Həmçinin Ermənistanın həyata keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində bir milyon azərbaycanlı – iki yüz otuz mindən çox ailə öz
yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün və qaçqın
vəziyyətinə düşüb. Spikerin sözlərinə görə, bu bir milyon insanın evsiz, işsiz
və yaşamaq üçün bütün vasitələrdən məhrum qalması yeni müstəqil ölkə üçün
kifayət qədər ağır zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə
baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinin
ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri görüb.

Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş
özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının
qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına
həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin
sədri Sahibə Qafarova bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o
cümlədən, Macarıstana Cənubi Qafqazda sabitləşmə və dövlətlərarası
münasibətlərin qurulmasına davamlı, beynəlxalq hüquqa əsaslanan dəstəklərinə
görə təşəkkürünü ifadə edib. Sahibə Qafarovanın sözlərinə görə, torpaqlarımızın
azad edilməsi tarixi ədalətin təntənəsidir. Bu, həm də otuz il əvvəl uşaq ikən
öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, ata-baba torpaqlarını geri
qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin qələbəsidir.

Source link