Sahibə Qafarova: “Danışıqlar masası arxasında heç bir dövlət Azərbaycana
təzyiq göstərə bilməz”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq
göstərə bilməz”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex
Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova
Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
O xatırladıb ki, məhz Azərbaycan sülh təşəbbüslərini irəli sürüb və sülh
danışıqlarını davam etdirməkdə maraqlıdır. Spiker Sahibə Qafarova deyib ki,
Azərbaycan sülh istəyir və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Münaqişədən sonra işğaldan azad edilmiş torpaqlarda Azərbaycan hökumətinin
başlatdığı irimiqyaslı bərpa-quruculuq işləri barədə danışan Milli Məclisin
sədri deyib ki, bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad
edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır: “Keçmiş
məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Bu, Azərbaycanın
yeni müharibədə maraqlı olmadığının sübutudur”.
O, Azərbaycan xalqının sülh istədiyini bildirib, ölkəmizin bu regionda davamlı
sülhün və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərini qeyd
edib.