96e4e9c3-5c47-4e48-920d-ce097719c631..jpg

Sahibə Qafarova Dublində Simonyanın uydurma iddialarına cavab verib

Baxış sayı: 600 dəfə baxılıb.

Sahibə Qafarova Dublində Simonyanın uydurma iddialarına cavab verib

“Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət məsələsində ikili
standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi
çağırışdır”.

“Report” xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova
İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa
Konfransında Ermənistan parlamentinin sədri Alen Simonyanın uydurma iddialarına
cavab verərkən deyib.

Spikerin sözlərinə görə, sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi,
demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində
isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur.

Tədbir iştirakçılarına regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində həyata keçirilən tədbirlər barədə geniş məlumat verən
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30
illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətlərin
normallaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin
toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü
ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi
bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi
təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin davam
etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində
Ermənistanın 10 minlik silahlı qüvvələri və qanunsuz marionet rejiminin
mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneə olub.

Spiker qeyd edib ki, Ermənistan son aylarda Qarabağ bölgəsində qondarma
“blokada”, “humanitar böhran”la bağlı yalan və əsassız iddialar əsasında
manipulyasiya etməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb.
Azərbaycanın təklifi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bu
əraziyə eyni vaxtda yüklərin daşınması bu iddiaları puça çıxarıb.

Sentyabrın 19-da isə Ermənistanın növbəti hərbi təxribata əl atması
nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu
söyləyən parlamentin spikeri qeyd edib ki, bu təxribatlara cavab olaraq
Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alaraq
lokal anti-terror tədbirlərinə başlayıb. Bu tədbirlər zamanı mülki əhali və
obyektlər heç bir halda hədəfə alınmayıb və bununla bağlı iddialar tamamilə
əsassızdır.

S.Qafarova həmçinin bildirib ki, terrorla mübarizə tədbirləri 24 saatdan da az
müddətdə öz məqsədlərinə çatıb:

“Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı
rejim özünü buraxıb. Hələ də davam edən erməni silahlı qüvvələrinin tərksilah
edilməsi prosesi ərazilərimizin qeyri-qanuni hərbiləşdirilməsinin dəhşətli
miqyasını ortaya qoydu”.

Source link